Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirib.
Sherg.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb.
O, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını həm hökumətin, həm də şəxsən özünün qarşısına qoyduğu ən mühüm vəzifələrdən biri adlandırıb.
“Şəxsən özüm üçün konkret qrafik müəyyənləşdirmişəm. Məqsədim 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmaqdır. Təbii ki, bu, həm də hökumətin və bütövlükdə siyasi komandamızın vəzifəsidir. Baş nazir kimi mən bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm”, – Paşinyan deyib.
O əlavə edib ki, bu mövzunu gündəmə gətirirsə, deməli, belə bir imkanın mövcud olduğunu düşünür.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən görüşünün yekununda bəyannamə qəbul edilib. Sənəddə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin razılaşdırılmış mətninin paraflanması öz əksini tapıb.