Murat Boz və Demet Özdemir seldə köməksiz qaldı - Qayıqlarla xilas edildilər

İstanbulda güclü yağış nəticəsində su altında qalan studiyada müğənni Murat Boz və aktrisa Demet Özdemir də daxil olmaqla 200-dən çox insan köməksiz vəziyyətdə qalıb. Onlar xilasedicilərin qayıqlarla həyata keçirdiyi əməliyyat nəticəsində təhlükəsiz əraziyə təxliyə ediliblər.

Sherg.az xəbər verir ki, hadisə Sarıyer rayonunun Ayazağa məhəlləsində yerləşən “Phoenix” studiyalarında baş verib.

Güclü leysan nəticəsində studiyanı su basıb, suyun səviyyəsi təxminən iki metrə çatıb və elektrik enerjisinin verilişi dayanıb.

Murat Boz sosial şəbəkədə paylaşdığı canlı yayım vasitəsilə aidiyyəti qurumlardan təcili yardım istəyib. O, yolların su altında qaldığını, avtomobillərin suyun üzərində üzdüyünü və studiyanın içərisinin tamamilə su ilə dolduğunu bildirib.

Müğənni qadın əməkdaşların binanın yuxarı mərtəbəsinə çıxarıldığını, lakin həmin ərazinin də yalnız 30–35 nəfəri yerləşdirmək imkanına malik olduğunu qeyd edib. O, hadisə yerində təxminən 200–250 nəfərin kömək gözlədiyini vurğulayıb.

Aktrisa Demet Özdemir də sosial şəbəkədə yardım çağırışı edərək binada suyun səviyyəsinin yüksəldiyini bildirib.

Məlumat daxil olduqdan sonra xilasedicilər hərəkətə keçiblər. Güclü su axını və suyun səviyyəsinin yüksək olması səbəbindən əraziyə quru yolla çatmaq mümkün olmadığından təxliyə qayıqlarla həyata keçirilib.

Murat Boz son paylaşımında xilasetmə əməliyyatının başladığını açıqlayıb və jandarmaya, Sahil Mühafizəsi əməkdaşlarına göstərdikləri səylərə görə təşəkkür edib. O, özünün yaxşı olduğunu, ərazidə qalan digər şəxslərin də mərhələli şəkildə təxliyə edildiyini bildirib.