Almaniya Ukraynaya 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatı göndərib.
Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatı daxildir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev bildirib ki, Almaniyanın Ukrayna ordusu üçün göndərdiyi yardımlar müharibənin davamı baxımından mühüm və həyati əhəmiyyət kəsb edir:
"Lakin Qərb ailəsində Ukraynaya yardımların edilib edilməməsinə dair ciddi fikir ayrılıqları var. Bir çox ölkələr Ukraynaya yardımların əbəs və nəticəsiz olduğunu düşünür. Əslində reallıq da bundan ibarətdir. Çünki Ukraynaya edilən köməklərin müqabilində işğaldan azad olunan ərazilərin miqyası çox azdır. Ukrayna Krımı belə işğaldan azad edə bilmir. Belə olan təqdirdə Ukraynaya edilən yardımların azalması və yaxud tamamilə kəsilməsi ilə bağlı fikirlərin səslənməsi təbiidir. Buna baxmayaraq Almaniya kimi ölkələr hələ də Ukraynaya yardımları ayırmaqda qərarlıdırlar. Burada siyasi və iqtisadi məsələlər öz sözünü deyir. Yəni, bütün ölkələr eyni potensiala malik deyil. Ona görə də bəzi Qərb dövlətləri Ukraynaya edilən yardımlardansa, öz daxili problemlərinə diqqət yetirməyi üstün tutur. Amma tendensiya bu formada davam edərsə, böyük ehtimalla 2024-ci ilin sonlarına yaxın Ukrayna müharibəsində ciddi dəyişikliklərin şahidi ola bilərik. Söhbət yardımların azalması daxilində Ukraynanın danışıqlara gedəcəyinindən və ərazi itkisinə aparan sülh müqaviləsi imzalanmasından gedir. Çünki savaşın uzanması bütün hallarda dünya iqtisadiyyatına ciddi ziyan vurur. Eyni zamanda digər dondurulmuş münaqişələri də aktiv fazaya keçirir".
Ekspert onu da qeyd edib ki, Qərb ümumilikdə rahatlığa alışmış cəmiyyətə malikdir:
"Ona görə də siyasi və hərbi baxımından xərclərin artırılması daxildən etirazların yaranmasına səbəb olur. Ukraynaya edilən köməklərin nəticəsiz qalması da artıq siyasi elita daxilində ciddi şəkildə yardımların kəsilməsinə dair fikirləri labüd edir. Əgər Ukrayna edilən yardımlara müqabil torpaqlarını işğaldan azad edə bilməsə, şübhəsiz ki, dəstəklər tamamilə kəsiləcək. Bu isə faktiki olaraq müharibənin bitməsi və Ukraynanın məğlub olması deməkdir".
Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.