Ər-Riyadda Ukrayna ilə bağlı gizli görüşün məqsədi diqqəti Vladimir Zelenski rejiminə çəkmək cəhdidir.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu köhnə və işlənmiş bir konsepsiyadır - Zelenski rejiminə siyasi diqqətin cəlb edilməsi. Bu, Zelenski rejimi üçün bir piardır”, - o bildirib.
O qeyd edib ki, bu cür informasiya səs-küyü siyasi fəaliyyət illüziyasını saxlamaq, dünya auditoriyasının diqqətini mümkün nizamlanmanın real proseslərindən yayındırmaq məqsədi güdür.
Zaxarovanın fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Rusiyada "Bizimlə bərabər olmayan hər kəs bizə qarşıdır" şəklində bir deyim var. Əlbəttə, Ər-Riyadda keçirilən toplantıdan böyük ehtimalla Rusiyanın xəbəri olub:
"Ona görə də gizli keçirilən iclasa Rusiyanın dəvət edilməməsi onun xətrinə dəyib. Nəticə etibarilə istər G7 ölkələrinin, istərsə də bir neçə Qərb dövlətlərinin iclasda iştirak etməsini Rusiya özünə qarşı atılmış addım kimi qiymətləndirir. Eyni zamanda Səudiyyə Ərəbistanı idarəedicilərinin Ukraynaya 400 milyon dollar vəsait ayrılmasını Rusiya qəbul edə bilmir. Qeyd etmək lazımdır ki, görüşlərin Davosda həyata keçirilməsi planlaşdırılırdı. İsveçrə isə uzun illərdən bu yana neytrallığını qoruyan dövlətdir. Baxmayaraq ki, Ər-Riyadda aparılan görüşmələrdə heç bir nəticə əldə edilməyib. Yəni, Zelenskinin tələblərinin yerinə yetirilməsi mümkün deyil. Amma Davosda bu görüşmənin davam etdiyi təqdirdə alınacaq qərarların həm Rusiyaya, həm də Ukraynaya faydası olacağını düşünmək olar. Bu isə Davosda keçirilən görüşdə kimlərin iştirak etməsindən və Rusiyanın dəvət edilib edilməməsindən asılıdır. Eyni zamanda görüşdə Amerikanın mövqeyi də çox önəmlidir".
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Lavrov dekabrın sonunda bildirib ki, Zelenskinin sülh formulu ilə bağlı daha bir görüş Qərb dövlətləri və qlobal cənubun bəzi ölkələrinin iştirakı ilə tam məxfi şəraitdə keçirilib.