Çin Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq səylərində iştirak etməlidir.
Bunu İsveçrənin xarici işlər naziri İqnatsio Kassis deyib.
"Çin mühüm rol oynayır. Biz bu məsələdə Çinlə əməkdaşlıq yollarını tapmalıyıq. Ukrayna xalqı üçün təcili olaraq sülh lazımdır. Biz bu müharibəni bitirmək üçün hər şey etməliyik", - o bildirib.
Kassis qeyd edib ki, Rusiya ilə dialoq aparan Braziliya, Hindistan və Cənubi Afrika Respublikası kimi ölkələr Davosda müzakirələrdə iştirak edir:
"BRİKS alyansının iştirakı ona görə çox vacibdir ki, bu ölkələrin Rusiya ilə əlaqələri var".
İ.Kassisin fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, Rusiyanın müəyyən dərəcədə öz istəklərinə nail olduğunu görmək olar:
" Rusiyanın əsas məqsədi vahid Qərb cəhbəsini parçalamaq idi. Bütün Qərb dövlətləri birgə şəkildə Rusiyaya qarşı mövqe yaratmışdılar və Ukraynanı hərbi-siyasi, maliyyə məsələləri ilə təmin edirdilər. Ancaq sonradan məlum oldu ki, məhz Rusiya müharibənin gedişini uzatmaqla Qərb cəhbəsində fikir ayrılıqları yaratmağa çalışır. Bununla bağlı hətta rəsmi Moskva bəzi ərazilərdə yeni münaqişə ocaqları başladır. Şimal qonşumuz Qərbdəki seçki institutlarına da təsir etməyə cəhd göstərir. Fərqli ölkələrdəki sağ partiyaların Rusiya ilə yaxın əlaqəsi var".
Ekspert onu da vurğulayıb ki, Çin dövləti hadisələrin başından bəri Rusiyanı dəstəkləyir:
"Hətta açıq şəkildə bildirir ki, biz vasitəçilik etmək istəyirik. Eyni zamanda Çin Türkiyədən sonra Rusiya ilə Ukrayna arasında qarşılıqlı şəkildə dialoq qurmağı bacaracaq ölkədir. Çin bundan öncə hərb planı da təklif etmişdi, amma bu plan həddindən çox Rusiya meyilli idi. İndiki halda Çinin yenidən aktivləşməsi deməyə əsas verir ki, Çin və Rusiya Qərbin qalib gəlməyəcəyini görürlər. Buna görə də həmin vəziyyətdən istifadə edərək Qərbin onlarla atəşkəsə gəlməyinə səy göstərirlər. İsveçrəli nazirin açıqlaması da Rusiya və Çinə bu mövqedə dəstək verməkdir".