ABŞ administrasiyasının, üzərində Prezident Donald Trampın təsviri olacaq 250 dollarlıq yeni əskinasların çapı məsələsində müvafiq qurum rəsmilərinə təzyiq etdiyi iddia olunur.
Sherg.az xəbər verir ki, Amerikanın “Washington Post” qəzetinin adları açıqlanmayan bəzi ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, üzərində Trampın şəkli olacaq əskinaslarla bağlı təşəbbüslər sürətlənib.
Trampın Xəzinədarlıq Nazirliyinə təyin etdiyi müavin Brandon Beach və baş müşavir Mike Brown, üzərində Trampın şəkli olan 250 dollarlıq yeni əskinasların çapı üçün Oyma və Çap Bürosuna mütəmadi şəkildə təzyiq göstərirlər.
Bununla belə, qurum rəsmiləri bildirirlər ki, qüvvədə olan qanuna əsasən yalnız vəfat etmiş şəxslərin şəkilləri əskinaslarda istifadə oluna bilər. Buna görə də hələ həyatda olan bir prezidentin təsvirinin istifadə edilməsi hüquqi problemlər yarada bilər.
Əgər bu təşəbbüslər nəticə versə və Trampın şəkli əskinaslarda yer alsa, ABŞ tarixində ilk dəfə olaraq həyatda olan bir şəxsin təsviri ABŞ dolları üzərində istifadə edilmiş olacaq.
Məlumata görə, Beach ötən ilin avqust və sentyabr aylarında büro əməkdaşlarına üzərində Trampın şəkli olan əskinas eskizlərini təqdim edib. Bu eskizlərdən birində 250 dollarlıq əskinasın mərkəzində Prezident Trampın üzü, prezidentin və Xəzinədarlıq naziri Scott Bessentin imzaları arasında yerləşirdi.
Dizaynın müəllifi olan britaniyalı rəssam Iain Alexander “Washington Post”a açıqlamasında bildirib ki, eskiz Tramp tərəfindən təsdiqlənib.
Alexander qeyd edib ki, Tramp ilkin dizaynda Amerika bayrağının rənglərinin və ölkənin yaranmasının 250 illiyini qeyd edən loqonun əlavə olunması kimi dəyişiklikləri də təsdiqləyib.
Ölkənin 250 illiyini qeyd etmək məqsədilə ötən il Konqresə təqdim edilən və Trampın 250 dollarlıq əskinasda yer almasını nəzərdə tutan qanun layihəsi həmin dövrdəki müzakirələrdən sonra gündəmdən çıxarılmışdı.