Böyük ehtimalla növbəti hakimiyyət Fələstin Administrasiyasına veriləcək
İsrail müdafiə naziri Yoav Qallant deyib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurublar. Onun sözlərinə görə, yaxın gələcəkdə anklavın cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir. Həmçinin nazir qeyd edib ki, İsrailə qarşı təhlükə aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə ediləcək: “Hərbi kampaniyanın sonu siyasi cəhətdən təmin edilməlidir. Siyasi qərarsızlıq Qəzza zolağında hərbi əməliyyatın gedişinə zərər verə bilər”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.aza deyib ki, ümumiyyətlə, HƏMAS-İsrail qarşıdurmasının arxasında Vaşinqton dayanır. Onun sözlərinə görə, əsas strateji planda Qəzzanı HƏMAS-dan təmizləmək, İranın proksi qüvvələrinə qarşı müharibə aparmaq, Tehranın Yaxın Şərqdə geosiyasi mövqelərini zəiflətməkdir:
"ABŞ HƏMAS-a qarşı əməliyyatları birbaşa kurasiya edir. Prosesdə Husilər də var. Vaşinqton Qırmızı dənizdə, Yəməndə, İraq və Suriyada İranın proksi qüvvələrinə qarşı mübarizə aparır. İsrail-HƏMAS müharibəsi başlayandan etibarən bilinirdi ki, bu savaş Yaxın Şərqə yayılacaq və İranın dəstəklədiyi qüvvələri neytrallaşdıracaqlar. Qəzza zolağında böyük humanitar fəlakət yaşanır, bölgə demək olar ki, yer üzündən silinib. İsrail Qəzzanın şimalında hərbi əməliyyatları tamamilə başa çatdırıb. Amma indiyədək davam edən əməliyyatlar göstərdi ki, İsrail hərbi cəhətdən güclü deyil. Əgər ABŞ olmasaydı, HƏMAS İsraili çökdürə bilərdi. Ancaq İsrailin təkbaşına hərəkət etmədiyinin şahidi olduq. Regional qarşıdurmanın nəticəsi olaraq Yaxın Şərqdə yeni siyasi nizam formalaşır. Qəzzada HƏMAS-ın dayaqları çox ciddi şəkildə zəifləyib. O baxımdan düşünürəm ki, növbəti hakimiyyət Fələstin Administrasiyasına veriləcək. Amma hələ ki, əməliyyatların davam edəcəyi gözlənilir".