Ağ Ev Ukraynanın strategiyasını hücumdan müdafiəyə dəyişməsini istəyir.
Bu barədə “Blomberg” nəşri yazıb.
Nəşrin məlumatına görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Cozef Bayden həmkarı Volodimir Zelenskiyə bu mesajı ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan vasitəsilə çatdıracaq.
“Zelenski bunu açıq şəkildə eşitmək istəməsə də, məntiqli olduğunu başa düşür. Ona görə də o, deməlidir ki, ABŞ və müttəfiqləri yalnız Ukraynanın müdafiəsinə zəmanət verəcəyi təqdirdə, düzgün müdafiə oluna bilər”, - nəşr bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu cür məlumatlara şübhəli yanaşmaq lazımdır:
"Eyni zamanda bu məlumatlar informasiya müharibəsinin tərkib hissəsidir. Xüsusilə bəzi hallarda ictimai rəydə çaşqınlıq yaratmaq üçün belə fikirlər yayırlar. Hətta tanınmış media orqanları öz nüfüzundan istifadə edərək bu tipli açıqlamalar verir. Amma məlumatın nə qədər doğru olub-olmadığından asılı olmayaraq müharibənin ilk vaxtlarından fərqli olaraq bu gün ABŞ-nin daxilində Ukraynaya dəstəklə bağlı fikir ayrılıqları var. Həmin fikir ayrılıqları isə ABŞ Dövlət Departamenti, ABŞ Müdafiə Nazirliyi və ABŞ Konqresi arasında ziddiyyətlərə səbəb olur. Əsas məsələ ondan ibarətdir ki, Ukraynanın başladığı əks hücüm əməliyyatları uğursuz oldu. Həmçinin, əks hücüm əməliyyatlarındakı uğursuzluqlar ABŞ daxilində Ukraynaya dəstəklə bağlı gərginliyə yol açdı. Çünki vəsait qoyub, maliyyə ayırırlar və bunun nəticəsiz olduğunu görürlər. İndi isə Amerikada Prezident seçkiləridir. İqtidarda olan demokratların Prezident seçkilərinə daha çox maliyyə qoyması lazımdır. Buna görə də Amerikanın maliyyəyə qanaət etməsi mümkündür".
Ekspert onu da vurğulayıb ki, ABŞ və Rusiya arasında gizli danışıqların getməsi ehtimal olunur:
"Bu gizli danışıqlar isə artıq Amerikanın Ukraynanı məğlubiyyətə hazırlamağını tələb edir. Eyni zamanda prespektivdə Ukraynanın ABŞ və Rusiya arasında bölünməsi ehtimalı da var. Amma bütün hallarda biz Amerikanın ayrı-ayrı dövlətləri zamanla yarı yolda qoyduğunu görmüşük. İndi isə ABŞ öz maraqlarına uyğun olaraq Ukraynanı savaşın ortasında tək qoya bilər. Ümumiyyətlə məlum məsələdir ki, Ukraynanın gələcək taleyi Amerikanı qətiyyən düşündürmür. Amerikanı düşündürən özünün Şərqi Avropa regionu ilə bağlı planlarıdır. Bu maraqlar isə Rusiyanın zəiflədilməsini tələb edir. Ona görə də Amerika bəzən Ukraynaya qarşı verdiyi silahları azaldıb, çoxaltmaqla müharibənin gedişini uzatmağa çalışır. Hazırda Ukraynaya edilən dəstəyin mahiyyəti müdafiə xarakterlidir. Hətta Ukrayna xarici işlər naziri Dmitri Kuleba açıqlama vermişdi ki, ABŞ dəstəyini dayandırsa belə, biz mübarizəmizi davam etdirəcəyik. Görünən odur ki, ABŞ-nin yardımları dayandrımasına Ukrayna da özünü hazırlayıb. Amma Amerikanın yardımları bərpa olunsa belə, artmayacaq. Ukrayna isə alternativ maliyyə mənbələri axtarışına çıxacaq".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.