Meral Akşener Prezident Ərdoğanla görüşündən danışıb

“Xarici siyasətdə ortaq maraqlarımızı müdafiə etməliyik" 

  İYİ Partiyanın sədri Meral Akşener Türkiyənin İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilid" adlı hərbi əməliyyat bölgəsində törədilən terror aktından sonra Prezident R.T.Ərdoğanla telefon əlaqəsi saxlayıb.
Sherg.az xəbər verir ki, Akşener Prezident Ərdoğanla görüşündən danışıb. İYİ Partiyanın rəhbəri terrorla mübarizəni əks etdirən ortaq bəyannamənin müzakirəsi ilə bağlı da sərt açıqlamalar verib. 
  İndiyə qədər hər terror hadisəsindən sonra nazirlərə və Prezidentə zəng etdiyini xatırladan Akşener "Bundan öncə şəhidimizlə bağlı onlara zəng edib məlumat almışdıq. Bu dəfə də eyni şeyi etdik" deyib. O, cənab Prezidentə və nazirlərə zəng etməsinin bəzi dairələrdə qəribə qarşılanmasına etirazını bildirib: "Milli müdafiə naziri zəngimə geri dönmədi, amma cənab Hakan Fidan və cənab Ərdoğan mənə geri zəng etdilər və məlumat verdilər. Mən də əldə etdiyim məlumatları dostlarımla paylaşdım. Gündəlik siyasətdə bir-birimizi sərt tənqid edə bilərik, amma xarici siyasətdə ortaq maraqlarımızı müdafiə etməliyik". 
"Biz Türkiyə Böyük Millət Məclisində ortaq bəyannamə imzalanmasını təklif etdik" deyən Akşener təklifə Səadət Partiyası, Milliyətçi Hərəkat Partiyası və AKP-nin dəstək çıxdığını, imza atdığını söyləyib: "Anlaya bilmədiyim şəkildə bir bəyannamə müharibəsi başladı. Çox utancverici hadisələr yaşandı. Əlbəttə, AKP-ni tənqid edə, seçkilərdə mübarizə apara bilərik. Bu bizim haqqımızdır. Amma millətin təmsilçiləri olaraq terrora qarşı birgə mübarizə aparmalıyıq. PKK şərəfsizlərinə qarşı qaya kimi sərt olmalıyıq".