Avropanın bəzi institutları Ermənistan-Azərbaycan münasibətlərinə regional rəqabət eynəyindən baxırlar
Avropa İttifaqı (Aİ) bu dəfə də ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı ədalətsiz mövqe sərgilədi. Öncə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano ölkəmizə qarşı hədsiz bəyanatla çıxış etdi. Bəyan etdi ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının qəbuledilməz olduğu və münasibətlər üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir. Ardınca Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da ölkəmiz əleyhinə şər-böhtan kampaniyasına qoşuldu. Mixalko bildirdi ki, Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında "qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər" onu dəhşətə salıb. Avropa İttifaqı (Aİ) özünün ritorikasında ikili standartları əsas tutmağa davam edir. Məsələ ondan ibarətdir ki, bu qurumun davranışları, Aİ rəsmilərinin səsləndirdikləri bəyanatlar heç də obyektiv deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bu iddiaya cavab verərək vurğulayıb ki, ölkənin məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”. Sual yaranır, Aİ niyə öz problemləri ilə məşğul olmur? Avropa ölkələrinin bir çoxunda dinc etirazlar vəhşicəsinə dağıdılır. Yada salaq, 2023-cü ilin sentyabrında Fransanın paytaxtı Parisdə polis zorakılığına, irqçiliyə qarşı geniş nümayişlər keçirildi. Həmin vaxt 30 minə yaxın insan küçələrə çıxmışdı. Daha əvvəl, 2020-ci ildə də Fransada oxşar hadisələr olmuşdu. Bundan başqa, həmin Avropa ölkələrində islamafobik meyillər getdikcə güclənir. Demokratiyadan dəm vuran dövlətlər öz ölkələrində sanki insan azadlıqlarına qarşı mübarizə aparırlar. Birincisi, Azərbaycan bütün dövlətlərin, o cümlədən Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Rəsmi Bakı bunu dəfələrlə, müxtəlif səviyyələrdə bəyan edib. İkincisi, necə olur ki, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına, tarixi abidələrimizin dağıdılmasına, etnik təmizləmə siyasətinə heç bir səs çıxarmayan Aİ indi “qış yuxusundan oyanır?! Bütün bunların, o cümlədən Azərbaycana qarşı qərəzin, ikili standartların məqsədi aydındır: Cənubi Qafqazda “suyu bulandırmaq”. Qərəzli bəyanatlar səsləndirən, qeyri-obyektiv açıqlamalar verən Aİ-nin zaman-zaman sülhdən danışması heç də səmimilik əlaməti deyil, əksinə, riyakarlıqdır. Əgər Aİ sülhdə səmimidirsə, onda qərəzdən, ikili standartlardan uzaq olmalıdır. Əks halda, nəyəsə nail ola bilməyəcək. Qərbin xarici siyasətinin necə deqradasiyaya uğradığını görürük. Bütün bu siyasi mətnlər və bəyanatların arxasında təbii ki, siyasi səbəblər dayanır. Lakin istənilən halda Aİ davamlı qərəzli yanaşması, ədalətsiz mövqeyi və ermənipərəstliyi ilə olan-qalan nüfuzunu da itirməkdədir.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının ayrı-ayrı institutları tərəfindən son zamanlar Azərbaycanın ünvanına müxtəlif səviyyəli isterik bəyanatlar səsləndirilir. Deputatın sözlərinə görə, ancaq real siyasi münasibətlərdə bu cür bəyanatların heç bir əsası yoxdur. Çünki Azərbaycan heç bir ölkənin ərazisini işğal etmək niyyətində deyil:
"Ən son rəsmi Bakı bəyan etdi ki, əsla və əsla Ermənistanın ərazisinə müdaxilə etməklə bağlı niyyəti yoxdur. Amma çox təəssüf ki, siyasəti, beynəlxalq münasibətlər sistemini manipulyasiya predmetinə çevirən bəzi institutlar erməni lobbisinin Azərbaycana qarşı təzyiq alətinə çevrilirlər. Azərbaycan regionda sülh istəyir. Sülhün çərçivəsini də Azərbaycan bəyan edib. Bu, beynəlxalq hüquqa əsaslanan və Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı bir çərçivədir. Ancaq təəssüf ki, bu gün Avropanın bəzi institutları Ermənistan-Azərbaycan münasibətlərinə regional rəqabət eynəyindən baxırlar. Rusiyanın regionda nüfuzu və onun geostrateji mövqeyinin laxladılması kontekstində nəzərdən keçirirlər. Belə olan halda Ermənistan və Azərbaycan arasında mümkün sülh, bütövlükdə regionda sülh artıq qlobal siyasi ambisiyaların girovuna çevrilir".
Parlament üzvü vurğulayıb ki, Avropa İnstitutları bənzər bəyanatlar səsləndirən zaman reallıqdan çıxış etməyi bacarmalıdırlar: "Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib, 30 il işğal altında saxlamayıb. Ermənistandan fərqli olaraq, biz 30 il işğal dövründə Avropanın heç bir institutundan, beynəlxalq təşkilatdan Ermənistanın ünvanına bənzər fikirlər eşitmədik. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan həm kommunikasiyalar, həm enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının ən yaxın tərəfdaşıdır. Ona görə də düşünürəm ki, bu cür bəyanatlar səsləndirilən zaman real münasibətlərə baxıb, sonra belə qərarlar qəbul etmək lazımdır".