Putin Zelenskini dəyişib Belarusdakı kimi "oyuncaq" hökumət quracaq? - ŞƏRH

Masa sülh masası deyil

Rusiyanın Ukraynadakı məqsədi aydınlaşır


  Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, Kiyev danışıqlardan imtina edib: "Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, siz birbaşa insanlarla işləyirsiniz: Biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiyanın, həqiqətən də, bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar".
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli "Şərq"ə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumunu və nəticədə Avropada sabitliyin pozulmasını Ukraynanın Qərbə yaxınlaşması və bunun Rusiya üçün təhlükə törətməsiylə əsaslandırıb. Ekspertin sözlərinə görə, Putin hərbi müdaxilənin tez bir zamanda qələbəylə nəticələnəciyinə inanıb: 

"Amma "xüsusi hərbi əməliyyat" adlandırdığı bu müharibədən gözləntiləri artıq nisbətən azalmış kimi görünür. Dəqiq bilinən budur ki, Putin Ukraynaya hücumu Rusiya tarixində çox vacib an hesab edir. Onun əsas məqsədi Uktaynanı ələ keçirmək, hökuməti devirmək və bu ölkənin NATO-ya qoşulmaq arzusunu tamamilə yox etmək idi. Bombardmanlar davam edir. Amma sülh danışıqları haqqında son xəbərlərdən belə məlum olur ki, Rusiya artıq hökuməti devirmək fikrində olmadığını və Ukraynanı neytral bir ölkə kimi görmək istədiyini bildirir. Digər tərəfdən, Putin Ukrayna prezidentini dəyişib ölkədə Belarusdakı kimi oyuncaq hökumət qura bilməyəcəyini də qəbul etmiş kimi görünür. Qərb ölkələri də Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasına tərəfdardırlar və "dondurulmuş münaqişə" vəziyyətini qəbul etmirlər. Putinin yenidən sülhdən danışması məhz belə bir situasiyaya təsadüf edir və bu, sühpərvərlikdən daha çox tam biabırçılıqdan qurtulmaq axtarışına bənzəyir. Çünki Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır".