İsrail geri çəkilmək üçün özünə plasdarm hazırlayır - Politoloq

Quru əməliyyatlarında uğur görünmür

  Qətər İsrail və HƏMAS arasında Qəzzada əsirlərə dərman çatdırılması müqabilində bölgədəki mülki şəxslərə dərman və humanitar yardımların çatdırılmasını ehtiva edən razılaşma əldə edildiyini açıqlayıb. Qətər Xarici İşlər Nazirliyi İsrail ilə HƏMAS arasında bağlanan razılaşma ilə bağlı yazılı açıqlama verib. Açıqlamaya görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Qəzza zolağında israilli məhbusların ehtiyac duyduğu dərmanların çatdırılması müqabilində Qəzza zolağındakı mülki şəxslərə, xüsusilə də ən çox zərər çəkmiş və zərər çəkmiş bölgələrə dərman və humanitar yardımların çatdırılması üçün HƏMAS və İsrail arasında razılıq əldə edildiyini bildirib. Ənsari bu razılaşmanın Qətər və Fransanın vasitəçiliyi ilə uğurlu olduğunu deyib. Sözçü Qətər Silahlı Qüvvələrinə aid iki təyyarənin Qəzza zolağına daşınması üçün yanvarın 17-də Misirin Əl-Ariş şəhərinə dərman və yardım göndəriləcəyini bildirib. O vurğulayıb ki, Qətər Qəzza zolağında müharibəyə son qoymaq üçün regional və beynəlxalq tərəfdaşlarla səylərini davam etdirəcək.
  Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, İsrail Qəzza zolağında quru əməliyyatında istədiyi uğuru əldə edə bilmir və o səbəbdən humanitar razılaşmalara gedir. Ekspert xatırladıb ki, indi "əməliyyatlardan sonra fələstinlilər Qəzza zolağını idarə edəcək" deyən İsrail bir neçə ay öncə "ərəblər tam məhv edilənədək" hərbi əməliyyatların davam edəcəyini deyirdi: "Baş nazir Netanyahu deyirdi ki, onları heç kim durdura bilməz, sona qədər gedəcəklər, indi də deyir ki, aylardır savaş sürür. Belə gedərsə, bir müddət sonra hansısa razılaşma ilə geri çəkiləcəklər. Fikrimcə, İsrailin planı baş tutmadı. 2001-ci il 11 sentyabrda yalandan özləri terror aktı təşkil etdilər və bunu əllərində bayraq edərək İraqa, Əfqanıstana girdilər. Ancaq Talibanın dirənişinə tab gətirməyib oradan qaçdılar. Eyni planı HƏMAS üzərindən də həyata keçirmək istəyirdilər. Guya HƏMAS hücum edib, insanları girov götürüb, sivil adamları öldürüb və s. Məgər fələstinlilər arasında İsrail agentləri yoxdurmu? Türkiyədə 50-yə yaxın agent tutulub, çoxu suriyalı, əfqandır. İsrail Qəzza zolağını fələstinlilərdən tam olaraq təmizləmək, ora yəhudiləri yerləşdirmək idi. Qüds problemi də bununla həllini tapsın. HƏMAS təşkilatının dirənişi bu planı alt-üst etdi. Qəzzanın idarəsi kimə veriləcək? HƏMAS-a, yaxud "İslami Cihad" təşkilatına? Bölgədə ən güclü qüvvə HƏMAS-dır. "İslami Cihad" isə HƏMAS-dan radikaldır. "Fəth"in idarəçiliyini isə fələstinlilər qəbul etmirlər. İsrail geri çəkilmək üçün özünə plasdarm hazırlayır".