İsrailin bölgədəki daimi təhlükəsizlik problemini həll etmək və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol yoxdur.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında çıxışı zamanı deyib.
“İsrailin hazırda belə bir imkanı var, çünki region ölkələri İsrailin təhlükəsizliyinə zəmanət verməyə hazırdır”, - o əlavə edib.
Metyu Millerin fikirlərinə münasibət bildirib politoloq Cümşüd Nuriyev "Sherg.az"a söyləyib ki, İsrailin Qəzzadakı fəaliyyəti dünya tərəfindən qəbul olunmadığına görə bu vəziyyətdən çıxış yolu axtarırlar:
"ABŞ Dövlət Departamentinin sözçüsünün dedikləri daha çox diqqəti başqa istiqamətə yönəltməkdən ibarətdir. Amma İsrail Fələstin dövlətindən daha çox Qəzzanı tərk-silah etməli idi. Buna əməl olundu, amma 25 minə yaxın adam öldü və xeyli yaralananlar var. Nəzərə alsaq ki, 25 milyard dollarlıq Qəzza bölgəsinə ziyan dəyib. Ona görə də belə bir yükün altından çıxmaq üçün İsrailin ən rahat yolu budur. Qeyd etmək lazımdır ki, BMT Fələstin dövlətini 1948-ci ildə yaradıb və tanıyıb. Amma İsrail başqa bir iddia irəli sürür ki, Qəzza birmənalı şəkildə Mahmud Abbasa tabe olmalıdır. Yəni, ayrıca HƏMAS olmamalıdır. Bununla da İsrail istədiyinə nail ola bilir. Beləliklə həm öz təhlükəsizliyini təmin edir, həm də gələcəkdə ona qarşı irəli sürülən iddialardan yayınır. Cənubi Afrika Respublikası İsraili məhkəməyə verib və onu soyqırım törətməkdə ittiham edir. Eyni zamanda Fələstinin indiki ərazilərlə tanınması 1948-ci ildə yaradılan dövlətlə müqayisədə ərazisinin iki dəfə itirilməsi deməkdir. Bu isə İsrailin qələbəsi deməkdir. Burada çox düşünülmüş və hiyləgər gediş var".