Eks-prezident Mixail Saakaşvili üçün xilas yoxdur, o, bütün cinayətlərə görə cavab verməlidir.
Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Saakaşvili gürcü xalqına qarşı cinayətlərinə görə cavab verməlidir. Ukrayna Prezidenti Vladimir Zelenski, Moldova Prezidenti Maya Sandu və Avropa Parlamentinin deputatları Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışırlar. Gürcüstan buna görə üzrxahlıq gözləyir”, - Papuaşvili bildirib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstan hakimiyyəti xüsusi ilə Avropa İttifaqına üzvlüklə bağlı onunla birgə addımlayan ölkələrin rəsmi Tbilisinin daxili siyasətinə qarışmasını istəmir:
"Buna görə də məhz birbaşa həm Ukrayna Prezidenti Zelenskiyə, həm də Moldova Prezidenti Maya Sandu və Avropa Parlamentinin deputatlarına referans var. Yəni, Şalva Papuaşvili demək istəyir ki, Mixail Saakaşvili barədə nə Ukrayna, nə də Moldova rəhbərliyi bizə göstəriş və təzyiq edə bilər. Bu ölkələrin adının birbaşa şəkildə çəkilməsi Gürcüstan tərəfinin narahatlığı ilə bağlıdır. Çünki uzun müddətdir ki, Ukrayna, Polşa, Moldovada və Rumıniyada Saakaşvili müdafiə olunur. Əksər dövlətlər onun səhhəti ilə yaxından maraqlanır. Hətta həmin ölkələrin Gürcüstan hökumətindən xəbərsiz həbsxanaya müayinə və fərqli əşyaların keçirilməsi ilə bağlı məlumatlar yayılır. Ona görə də Gürcüstan hökuməti bu ölkələri birbaşa hədəf göstərməklə mövqe ortaya qoyur. Gürcüstan düşünür ki, belə etməklə həmin ölkələri Saakaşvilini müdafiə etməkdən geri çəkə bilər".