İlk türk astronavt Alper Gezeravcı ispan, italyan və isveçli həmkarları ilə birgə kosmosa çıxıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. A.Gezeravcının da daxil olduğu "SpaceX" şirkətinə aid "Falcon9" raketinin daşıdığı "Dragon" kapsulu 20 yanvar saat 12:15-də beynəlxalq kosmik stansiyaya çatacaq. Bununla da, 100 kilometrlik kosmos sərhədini aşan türk kosmonavt Gezeravcı rəsmi olaraq kosmonavt kimi tarixə düşüb. "SpaceX" tərəfindən kosmosdan canlı yayımlanan ilk görüntülərdə türk kosmonavt Mustafa Kamal Atatürkün "İstiqbal göylərdədir" ifadəsini səsləndirib. Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep və bir çox digər şəhərlərdə keçirilən tədbirlərlə bölüşüblər. Uçuşdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk türk astronavtın kosmik səyahəti ilə bağlı videomüraciəti yayımlanıb: “Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz tarixdə daşıdığımız missiyanı yenidən yerinə yetirmək üçün çox dəyərli yeni bir başlanğıc edirik”. İlk kosmik missiya üçün seçilən Alper Gezeravcı 1979-cu ildə Türkiyənin Mersin vilayətinin Silifke rayonunda anadan olub. O, Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. Həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb. Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.
"Sherg.az" xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib ki, ilk türkiyəli astronavt Alper Gezeravcının kosmosa uçuşu, Beynəlxalq Kosmik Stansiyada 14 gün təcrübə keçməsi böyük hadisədir və mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, elektronika mühəndisi olan Alperin bu uğuru Türkiyədə, Azərbaycanda və bütün Türk dünyasında uşaqlarda və gənclərdə texnologiya və kosmos sahəsinə maraq və həvəsi xeyli yüksəldəcək:
"Türkiyənin kosmik sənaye sektorunun inkişafına ciddi təkan veriləcək. Türkiyə kosmik resursların bölüşdürülməsində yaxından iştirak edən ölkəyə çevriləcək. Kosmosdan alınan informasiyaları, təcrübələrin nəticələrini əldə edən Türkiyənin elm və texnologiya qurumları, sahə üzrə universitetləri daha üstün, daha rəqabətədavamlı mövqe qazanacaq. Kosmik stansiyada 13 fərqli istiqamət - kosmosda yaşayışın mümkünlüyü, insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, tibb, fundamental elmlər sahələri və s. üzrə aparılan təcrübələr bu sahələrin, bütövlükdə isə bəşəriyyətin daha sürətli inkişafına təkan verəcək. Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” qurumu və NASA arasında əməkdaşlıq güclənəcək".
Tanınmış araşdırmaçı-jurnalist Xaqani Səfəroğlu da bildirib ki, Türkiyənin ilk astronavtının kosmosa uçması Türkiyə üçün yaddaqalan gündür:
"Bizim sosial şəbəkədə "bu, ilk türk deyil" yazırlar. Musa Manarov, Canıbekovu xatırladırlar. Onların heç biri türk deyildi. Bu öz yerində. Saydıqlarınız sovet kosmonavtlarıdır.
Vaxtilə belə bir dövlət olub - SSRİ. ABŞ astronavtları deyildiyi kimi "sovet kosmonavtları" deyilirdi. O dövlət dünyada ilk insanı kosmosa göndərib.
İndi o dövlət yoxdur. Onun kosmonavtları da tarixə qovuşub. Kosmos indi özü də artıq su yoluna çevrilib. Turizm, biznes və siyasi mesajı özündə birləşdirir. Türkiyə də 55 milyon dollar ödəyərək öz mesajını verdi. İnformasiya texnologiyaları dövlətlər üçün geniş imkanlar açıb. İlon Mask, TESLA, "Falkom" bunun parlaq nümunəsidir. 30-40 il əvvəl Türkiyənin kosmosa astronavt göndərməsi fantastik idi. İndi informasiya texnologiyaları inkişaf etməkdə olan dövlətlərə böyük fürsətlər yaradıb. Süni intellekt, kosmos texnologiyalarını özündə tətbiq etməyi bacaran dövlət irəli gedəcək. Bunun şərtləri isə ədalətli, firavan cəmiyyətdən və sosial baxımdan güclü olmaqdan keçir. Kosmos çoxdan fəth edilib, amma səmaya gedən yol həmişə maqnit kimidir".