Polşa Baş naziri Donald Tusk Kiyevə gəlib.
Bu barədə Polşa Baş nazirinin dəftərxanasından məlumat verilib.
Tuskun səfər zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşü nəzərdə tutulur.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev vurğulayıb ki, Səfərlə bağlı daha öncə məlumat verilmişdi:
"Polşa Ukraynaya gələn yardımların keçdiyi ölkədir. Eyni zamanda Ukraynaya müharibənin əvvəlindən bəri aktiv şəkildə dəstək verir. Amma son zamanlar Polşa və Ukrayna arasında müəyyən gərginliklər yaşanır. Hətta Ukrayna tərəfi Polşanı müəyyən məsələlərdə ittiham belə etdi. Əsas məsələ isə ondan ibarətdir ki, Ukrayna raketlərin Polşa ərazisinə düşməsi fonunda onları müharibəyə cəlb etmək istəyir. Eyni zamanda Polşa bunun fərqindədir və mövcud narazılıqların aradan qaldırılması istiqamətində rəsmi Varşavanın atacağı addımlar önəmlidir. Əslində Polşa tərəfi Ukraynanın bu etdiklərinə görə rəsmi şəkildə nazarılıqlarını bildirmişdi. Amma Qərb Polşa və Ukrayna gərginliyində maraqlı deyil. Buna görə də Polşalı nazirin Ukraynaya gedişi gərginliyin aradan qaldırılmasına hesablana bilər. Həmçinin, görüş çərçivəsində Ukraynaya yardımlarla bağlı məsələlərin müzakirəsi də mümkündür".