Lavrovun ABŞ-yə yolu açıldı

Qərb müharibədən bezib, çalışırlar ki, Ukrayna ilə Rusiyanı masa arxasına gətirsinlər


  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka gedib. Nazir səfər çərçivəsində BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukrayna üzrə iclaslarında iştirak edəcək. Rusiya XİN rəhbərini müşayiət edən jurnalistlərə də məhdudiyyətsiz viza təqdim edilib. Məlumat üçün bildirək ki, Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra Qərb ölkələri Moskvaya yönəlik çoxsaylı sanksiyalar tətbiq ediblər. Rusiyaya qarşı sanksiyaların biri də rəsmilərin, o cümlədən XİN başçısı Sergey Lavrovun Qərb ölkələrinə səfərlərinə imkan verilməyib. Lakin son günlər Qərbin mövqeyində müəyyən yumşalma müşahidə olunur. 
  
Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a bildirib ki, Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş iclasda Moskva nümayəndələrinin olmaması əhəmiyyətsiz olardı. Siyasi şərhçinin fikrincə, Rusiyaya yönəlik məhdudiyyətin nisbətən yumşaldılması bununla bağlıdır:

 "Ümumilikdə Qərb ölkələrinin Ukraynaya dəstəyində azalma müşahidə olunur. Həm silah-sursat, həm də siyasi dəstək azalıb. Bu da Qərbin müharibədən bezdiyini göstərir. O səbəbdən çalışırlar ki, Ukrayna ilə Rusiyanı masa arxasına gətirsinlər. Hətta Ukraynaya ərazi itkiləri ilə barışmağı tövsiyə edirlər, Rusiya ilə danışıqlara getməyə, güzəştlərə hazırlayırlar. Rusiyanın da maraqlarının nisbətən təmin olunmasından söhbət gedir. Ona görə də ən azından siyasi sanksiyaların yumşaldılması, Rusiya rəsmilərinə səfərlər üçün vizaların verilməsi məsələsi gündəmə gəlir".