Konstitusiyaya dəyişikliyin və referendumun sülh sazişindən öncə olması, əlbəttə, yaxşı olardı
"Paşinyan bununla Azərbaycana və Türkiyəyə qarşı ənənəvi erməni siyasətini dəyişdirməyə çalışdığını nümayiş etdirir”
"Ermənistanın yeni konstitusiyasının qəbulu 1991-ci il Müstəqillik Bəyannaməsinin ləğvi demək deyil". Bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında deyib. O bildirib ki, inqilabdan bir neçə ay sonra konstitusiya islahatları prosesinə start verildi, komissiya yaradıldı: "Mən məhkəmə sistemində islahatlarla bağlı tövsiyələr paketi təqdim etmişdim. Lakin koronavirus və hərbi əməliyyatlar səbəbindən proses dayandırılmışdı. İndi yenidən intensivləşir və yeni konstitusiyaya ehtiyac var. Neçə dəfə konstitusiya dəyişib. Səhv etmirəmsə, axırıncı dəyişiklik 2015-ci ildə olub. Niyə o zaman suallar ortaya çıxmadı, amma indi deyirlər ki, bəyannamədən qurtulmaq istəyirsiz, buna sizi Əliyev məcbur edir və s". Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb. Paşinyan növbəti konstitusiyanın Ermənistanı "yeni geo-siyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" edəcəyini bildirib. Ararat Mirzoyan da ötən gün deyib ki, həm Azərbaycan, həm də Ermənistan sülh prosesi çərçivəsində iki ölkənin konstitusiyasında gördükləri hüquqi problemləri bir-birilərinə təqdim ediblər: "Azərbaycan bizim konstitusiyamızda gördüyü problemləri dedi, biz də həmçinin onlara bildirdik. Qanunvericilikdəki dəyişiklikləri müzakirə etdik, qısa müddətdə komissiya yaradıldı. Konstitusiyanın daha çox daxili idarə sistemində əhəmiyyəti var. Lakin xarici siyasətdə də vacibliyi danılmazdır. Ümumiyyətlə, ölkəmizdə konstitusiya dəyişikliyinin əsas səbəbinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olduğunu demək doğru deyil".
Politoloq Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və oradakı qonşu dövlətlərin ərazi bütövlüyünə qarşı yönələn axmaq müddəaların çıxarılması, əslində, İrəvan üçün ölüm-qalım məsələsidir. Ekspertin fikrincə, konstitusiyasında qonşularına qarşı ərazi iddiasına dair maddə salan dövlət özünə qarşı müharibə elan edilməsinə əsas vermiş olur:
"Paşinyan bununla Azərbaycana və Türkiyəyə qarşı ənənəvi erməni siyasətini dəyişdirməyə çalışdığını nümayiş etdirir. Bu, Ermənistan üçün yeganə düzgün yoldur. Paşinyan həmçinin bütün mənfi cəhətləri ilə yanaşı, xalqının gələcəyini düşünən siyasətçi olduğunu da göstərmiş olur. Həmçinin daxildəki problemləri yoluna qoymaq üçün yeni qanunlara ehtiyac duyur. Konstitusiyaya dəyişikliyin və referendumun sülh sazişindən öncə olması əlbəttə yaxşı olardı. Əks halda sülh müqaviləsində ən vacib şərtlərdən, Ermənistanın üzərinə qoyulan mühüm öhdəliklərdən biri kimi nəzərdə tutulmalıdır".