Rusiyanın ABŞ-la strateji təhlükəsizlik sahəsində müzakirə edəcəyi heç nə yoxdur.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O vurğulayıb ki, Rusiya START müqaviləsində nəzərdə tutulan silah növləri üzrə limitə sadiqdir, lakin yoxlamalar ola bilməz:
"Üstəlik, artıq ukraynalıların strateji obyektlərimizi uzaqmənzilli silahlardan atəşə tutması halları olub ki, amerikalılar onların modernləşdirilməsinə kömək etməsəydilər, bu obyektlərə çata bilməzdilər".
Rusiya xarici işlər nazirinin fikirlərinə münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Sergey Lavrovun bu açıqlaması hissiyatlı çıxışdır:
"Çünki Rusiya və Amerika arasında strateji təhlükəsizlik sahəsində müzakirə olunacaq mövzular çoxdur. Eyni zamanda Rusiyanın strateji maraqlarına uyğun çıxış deyil. Hər kəsin bildiyi kimi dünyada Rusiya və Amerika Birləşmiş Ştatları olmaq üzrə iki qütb mövcuddur. Əgər onlar öz aralarında silah növlərinin limitlənməsi və atom silahlarının azaldılması ilə bağlı müzakirələr aparmayacaqsa, Amerika bu mövzu barəsində kiminlə danışacaq? Bu məsələ yaranmış mövcüd situasiya daxilində Lavrovun diplomatik çıxışıdır. Uzun dönəm prespektivində Rusiya və Amerikanın stratejik təhlükəsizlik sahəsində müzakirələr aparmayacağını düşünmürəm. Əlbəttə ki, Lavrovun çıxışı Rusiya tərəfindən Amerikaya göndərilmiş mesajdır. Amerika bu mesaja öz tərəfindən müəyyən cavab verəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, hərbi mütəxəssislər tərəfindən Rusiya və Amerika arasında stratejik təhlükəsizlik sahəsində müzakirələr davam edəcək ".