Köpək balığı sahildə can verdi

Onun çəkisinin 200 kiloqram olduğu bildirilib


  İspaniyanın cənub-şərqindəki Puerto de Mazarron çimərliyində istirahət edənlər dəhşət yaşayıb. Bura turistlərin ən çox ziyarət etdiyi məkandır. 
“Sherg.az” “Milliyet.ocm.tr”yə istinadən bildirir ki, istirahətin pik saatında çimərlikdə olanlar anidən qarşılarında nəhəng köpək balığı görüb. Dəhşətə düşən turistlər qışqıraraq sahilə can atıblar. Yerli medianın xəbərinə görə, köpək balığı bir neçə gün öncə də çimərlik sularında görünüb. Mümkün təhlükəni önləməyə çalışan yerli orqanlar turistlərdən bu günlərdə dənizdə çimməməyi xahiş edib. Çimərliyə yaxın ərazidə yaşayanlara da xəbərdarlıq edilib. Lakin görünür ki, turistlər dəniz keyfi almağı üstün tutublar. Nəticədə 2 metr uzunluğunda nəhəng köpək balığı ilə rastlaşıblar. Köpək balığı özünü sahilə vurub. Bir neçə nəfər onu təkrar dənizə qaytarmaq istəsə də, bu, mümkün olmayıb. Və köpək  balığı sahildə can verib. Onun çəkisinin 200 kiloqram olduğu bildirilib. Araşdırma aparan baytar həkimlər ölmüş köpək balığının yumru burun, şüşə gözlü köpək balığı cinsinə aid olmasını müəyyən edib. Bu cins köpək balıqları Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən nəsli kəsilməkdə olan sinfə aid edilib. Və onun ovlanması qadağandır. Güman edilir ki, bu köpək balığı cavandır və yolunu azaraq sahilə tərəf üzüb. Onun yaralı olduğu və bu səbəbdən artıq üzə blimədiyi də qeyd edilir.