Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, Zakarpatiya bölgəsini Macarıstana verməlidir.
Bunu Macarıstanın millətçi Bizim Vətən Partiyasının lideri Laslo Torotskai deyib.
“Ukraynadakı müharibə ilə bağlı mesajımız çox sadədir: dərhal atəşkəs, sülh və danışıqlar yolu ilə həll. Əgər bu müharibə Ukraynanın dövlətçiliyini itirməsi ilə başa çatarsa, o zaman belə mövqe tutan yeganə Macarıstan partiyası tərəfi adından bəyan edirəm ki, biz Zakarpatiyaya iddia edirik”, – Torotskai bildirib.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, əvvəlcə nəzərə almaq lazımdır ki, bu gün Macarıstanda İqtidarın Rusiya Ukrayna savaşına özünəməxsus və konkret mövqeyi var:
"Yəni Macarıstan hakimiyyəti bütövlükdə Qərbdəki imperialist şəbəkələrin oynadığı oyunda iştirak etmir. Macarıstan beynəlxalq münasibətlərlə bağlı özünəxas yanaşması olan ölkədir. Bunu isə ən yüksək səviyyədə qoruyur. Eyni zamanda Macarıstan hökumətinin bu gün Rusiya-Ukrayna müharibəsində Qərbin impiçment küyünə uymaması və Rusiya ilə körpüləri yandırmaması Avropada müəyyən qıcıq yaradan addımlardır. Macarıstan da daxil olmaqla Mərkəzi və Cənub-şərqi Avropanın siyasi, iqtisadi, sosial sahadə kifayət qədər inkişaf etdiyini müşahidə edirik. Macarıstanda müxtəlif milliyətçi partiyalar mövcuddur. Onlar eyni zamanda müxalifətdə təmsil olunurlar. Bu günə qədər Macarıstanın rəsmi hökuməti tərəfindən Zakarpatiyaya hansısa iddia irəli sürülməyib. Bu baxımdan Macarıstan ictimai rəyi ölçmək üçün müxtəlif müxalif partiyalar Zakarpatiya məsələsini qaldıra bilərlər. Amma Ukraynanın Rusiyaya məğlub olması fonunda belə Macarıstanın NATO və Avropa İttifaqının üzvü olaraq üzərinə götürdüyü öhdəlikləri var. Bu iddianı irəli sürən Torotskai partiyası hökümətdə olsa belə, bu cür populist addımın reallaşmasına kollektiv Qərb heç vaxt icazə verə bilməz. Ona görə də müxtəlif ölkələrdə fərqli partiyaların hadisələrə fərqli ideoloji mövqeləri ola bilər. Amma bu Macarıstanın rəsmi mövqeyini iddia etmir. Eyni zamanda hesab edirəm ki, Zakarpatiya ilə bağlı iddialar gülüş doğuran məsələdir və hansısa formada reallaşa bilməz".