Ankaranın diqqətini Yaxın və Orta Şərqdən, Qəzzadan, Cənubi Qafqazdan və digər regionlardan yayındırmaq istəyirlər
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub. Hücum zamanı 1 nəfər ölüb. Polis kilsədə baş verən atışmada iki nəfər qatillə yanaşı, hücumda şübhəli bilinən 47 nəfəri də saxlayıb, 30 ünvanda əməliyyat keçirilib, rus və tacik vətəndaşları saxlanılıb. Ölkənin daxili işlər naziri Əli Yerliqaya deyib ki, yaxalanan iki nəfər maskadan istifadə edərək kilsədə dini ayinlə məşğul olan bir nəfəri güllələyərək qətlə yetiriblər. Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər. Kilsəyə hücumla bağlı məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Lakin ekspertlər hadisənin arxasında başqa motivlərin olmasına diqqət çəkiblər.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a bildirib ki, İŞİD söhbəti hadisənin izini itirmək və təşkilatçıları gizlətmək üçündür.
Analitik deyib ki, Qərb ölkələri, xüsusən ABŞ Türkiyənin siyasi-iqtisadi və hərbi uğurlarını həzm edə bilmirlər:
"Qərb güclü Türkiyəni Yaxın və Orta Şərqdəki maraqlarına təhlükə sayırlar. Gərgin olan Türkiyə-İsrail münasibətlərindən yararlanmaq istəyənlər də var. İranın daxilində müxtəlif terrorçu qruplaşmaların olması da sirr deyil. Amma hesab edirəm ki, Türkiyədəki sifarişin arxasında Qərb ölkələri dayanır və bunu da qonşu ölkələrdəki, Yaxın Şərqdəki terrorçu qruplaşmaların əli ilə reallaşdırıblar. Bəlkə terror hadisəsinin arxasında Hizbullah, PKK və ya PYD var. Bunun əksini necə sübut edə bilərlər? Terror aktının arxasında bir neçə məqsədin olması istisna edilmir. Ən əsası çalışırlar ki, Türkiyənin başını daxildəki problemlərlə qatsınlar. Ankaranın diqqətini Yaxın və Orta Şərqdən, Qəzzadan, Cənubi Qafqazdan və digər regionlardan yayındırmaq istəyirlər. Amma belə təşəbbüslər səmərəsizdir. Türkiyə 20 il əvvəlki zəif, asılı ölkə deyil, kifayət qədər güclü dövlətdir. Həm də indiki şəraitdə teraktlarla nəyəsə nail olmaq qeyri-mümkündür".