İrəvanda uşaqlara qoyulan abidə təhqir olundu - Moskva cinayət işi açdı

Sankt-Peterburqda yerləşən "Mühasirədə olan Leninqradın uşaq evləri tərbiyəçilərinin regional ictimai təşkilatı"nın rəhbərliyi İrəvanda abidənin təhqir olunmasına təəccüblənib.
Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, ictimai təşkilatın rəhbəri Nina Fadeyeva bunu "fərdi, lakin çox kədərli hadisə" adlandırıb. O xatırladıb ki, Böyük Vətən Müharibəsi illərində Ermənistan mühasirədə olan Leninqraddan təxliyə edilmiş uşaq evlərini qəbul edib, uşaqların xilas edilməsinə yardım göstərib.
“Bunu edən sadəcə təhsilsiz bir insandır. Bu, xüsusi haldır. Düşünmürük ki, bütün Ermənistan bizə belə münasibət bəsləyir”, - deyə Fadeyeva öz fikirlərini bölüşüb.
Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin, Rusiya diplomatik missiyası, "Rossotrudniçestvo" və ictimai təşkilatların nümayəndələri yanvarın 26-da İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyublar. Tədbir şəhərin nasist qoşunlarının blokadasından tam azad edilməsinin 80 illiyinə həsr olunub. İkinci Dünya Müharibəsi illərində Leninqraddan 200-dən çox uşaq Ermənistana təxliyə edilib. Hazırda respublikada blokadadan sağ çıxan altı nəfər yaşayır.
"MK" yazır ki, səfirliyin tədbirindən sonra sosial şəbəkələrdə özünü Samvel Şirinyan kimi təqdim edən İrəvan sakini çələngləri yıxaraq Rusiya bayrağının rənglərində olan lenti tapdalayıb. O, buhərəkətlərini mobil telefonun kamerası ilə çəkərək internetə yerləşdirib. Səs yazısında həmin şəxs Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi spikeri Mariya Zaxarovanın brifinq zamanı Qarabağda etnik təmizləmə iddiaları barədə danışarkən ona link göndərməyi təklif etməsindən narazılığını bildirib.
"Qeyd edək ki, ermənilərin Qarabağda etnik təmizləmə iddialarına münasibət bildirən Zaxarova hər hansı beynəlxalq təşkilatın, məsələn, BMT-nin bu cür etnik təmizləmə faktını təsdiq edən sənədi və ya bəyanatı olmadığını bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin qeyd etmişdi ki, Moskva erməni əhalisinin Qarabağa qayıtması üçün şərait yaradılmasının vacibliyini dəfələrlə bildirib, onların hüquq və təhlükəsizliyinin lazımi qaydada təmin edilməsinin zərurətini və hər cür şəraiti təmin etməyə ( o cümlədən Rusiya sülhməramlıları vasitəsilə) hazır olduğunu vurğulayıb", - deyə məqalədə bildirilir.
Nəşr daha sonra yazır ki, İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin önündə dağıntılar təşkil edən şəxs “Leninqradın mühasirəsi ilə bağlı heç bir sənəd olmadığını” deyib:
"İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Ermənistan paytaxtında mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə işin başlanmasına göstəriş verib".