Korrupsiya ilə mübarizə adı altında iş yerlərində intriqalar yaranacaq - Natiq Cəfərli

  • “Sonda hər şey məlumat verənin başında çatlayacaq”
  • “Bu qanun korrupsiyada maraqlı olanların dairəsini genişləndirə bilər”

“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılması fərqli yanaşmaları ortaya qoyub.

Belə bir qanunun faydalı olacağını iddia edənlər də var, effketiv olmayacağını düşünənlər də. İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirdi ki, yayılan məlumatlarda uyğunsuzluq, məntiqsizlik görünür: 

- Birincisi, normal məhkəmə sistemi olan ölkədə belə bir qanuna ehtiyac yaranmaz, ikincisi, korrupsiyanın təsnifatı mücərrəddir. Azərbaycanda məişət korrupsiyası çox deyil, ASAN xidmət bu məsələni xeyli azaldıb, harda qalıbsa, bu ikitərəfli yoldur, yəni, vətəndaşa da sərf edir – məsələn, 100 manatlıq rəsmi cəriməyə 20 manat qeyri-rəsmi ödəniş etsə, bu haqda kimə, niyə məlumat versin ki?! Büdcə korrupsiyaları haqqında isə adi vətəndaşın məlumatı yoxdur, sübutu yoxdur, deməli, bu qanun sadəcə qisasçılığa, iş yerlərində intriqanın yaranmasına və qruplaşmalara səbəb ola bilər. Qanun layihəsində yazılıb ki, “korrupsiya haqqında məlumatların təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə təqdim edilməsi nəzərdə tutulur”. Yəni, A dövlət-hökumət qurumunda, və ya, şirkətində işləyən, tutalım B kod adlı şəxs, hansısa korrupsiya əməlindən şübhələnir, nə etməlidir?! Bəli, gedib onu həmin təşkilatda yuxarı vəzifəli şəxsə deməlidir. Yaxşı, həmin təşkilatda yuxarı vəzifəli şəxsin bilgisi daxilində olmayan korrupsiya əməli ola bilərmi?! Çətin, nadir hallarda. Bu qanun təklifi qəbul edilsə, iş yerlərində böyük konfliktlər yaranacaq, sonda hər şey məlumat verənin başında çartlayacaq. Sürətlə çalışan ədalətli məhkəmə sistemi bu məsələni “donosbazlarsız” da çözə bilər. Əsas hədəfimiz müstəqil məhkəmə sistemi olmalıdır, bir çox məsələlər də o zaman həllini tapacaq. 

İqtisadçı qeyd etdi ki, korrupsiya sübutların toplanması vacib cinayət növüdür: 

- Adi vətəndaş nə zaman sübut toplaya bilər, hansısa təşkilatda imza, və ya səlahiyyət sahibi olarsa. Bəs o nə zaman şikayət edə bilər?! Bəli, onun payına nəsə düşməsə! Deməli, bu qanun layihəsi tam tərsinə, korrupsiyada maraqlı olanların dairəsini genişləndirə bilər.