Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı

  • Dənizin taleyi bu 3 amildən asılıdır, təhlükəni aradan qaldırmaq mümkündür

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərin dayazlaşmasının təhlükəli hal aldığını vurğulayıb. Prezident qeyd edib ki, mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər:

“Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb”. Prezident bildirib ki, buna təkcə ekoloji problem kimi baxılmamalıdır, bu, həm də iqtisadi, sosial problemdir: “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”. 

Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirdi ki, Xəzər dənizinin səviyyə problemi ötən əsrin 30-cu illərindən müzakirə olunur və müxtəlif layihələr təklif olunub. Və bu, davam edir. Hazırda dənizin səviyyəsinin azalmasına təsir edən 3 əsas amil var, bu amillər aradan qaldırılarsa Xəzəri xilas etmək mümkündür: 

- Birincisi, dənizə axan çaylardan həddindən artıq su götürülməsi və hövzədə israfçılığa yol verilməsidir. Misal üçün deyə bilərəm ki, Volqa çayı hövzəsində yerləşən su anbarlarının ümumi sahəsi 30 min kv. km-dir. Bu su anbarlarında baş verən həddindən artıq infiltrasiya və buxarlanma Xəzərə gələn suları çox azaldır. İkincisi, bunu qeyd etməliyik ki, iqlim dəyişmələri nəticəsində ümumiyyətlə Xəzər hövzəsinə düşən yağıntıların son 20 ildə azalması baş verib. Bu da ikinci faktordur. Nəticədə həm Xəzərə gələn sular azalıb, həm də buxarlanma çoxalıb. İtkilərin qarşısının alınması üçün region ölkələrinin bir araya gəlməsi, konkret planlar üzərində işləmələri çox vacibdir. Məsələn, Xəzərə tökülən çayların suyunun bərpa olunması baş verə bilər. Onu da deyim ki, bu il Xəzər hövzəsində baş verən yağıntılar müəyyən ümidlər yaradır. Əgər bu yağıntılar çoxillik dövrə proyeksiya olunarsa, Xəzərin səviyyəsi yenidən bərpa oluna bilər. Region ölkələrinin düzgün su idarəçiliyini həyata keçirməsi, paralel olaraq çaylardan götürülən suyun azaldılması, su itkilərinin minimuma endirilməsi fonunda, həm də dünya ölkələri Paris Sazişi çərçivəsində iqlim dəyişmələrinə qarşı mübarizə apararlarsa, bu, əlbəttə ki, Xəzər dənizində gedən buxarlanmanın miqdarının azalmasına təsir edə bilər və gələcəkdə həm də Xəzərə tökülən çayların suyunu artıra bilər.