Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb

Latviyanın xarici işlər naziri Baiba Braze Azərbaycanın ölkəsinə yeni təyin olunmuş səfiri Nərminə Mustafayeva ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi "X"-də məlumat yayıb.

Məlumata görə, XİN rəhbəri Azərbaycan səfirindən başqa Latviyaya yeni təyinat almış Finlandiya, İtaliya, Norveç, İspaniya, Türkiyə, Serbiya və Gürcüstan səfirləri ilə də görüşüb.

Görüşdə NATO müttəfiqlərinin alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür ifadə olunub.

Tərəflər, həmçinin, Avropa İttifaqı və NATO sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi, eləcə də Ukraynaya qətiyyətli dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər.