Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, ABŞ olmadan Avropa Birliyi Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək. Onun sözlərinə görə, Avropa təkbaşına silah və maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyi verə bilməz: "Amerikanın yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür". “Taym” nəşri yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin gedişatını dəyişmək və ölkə daxilində siyasi mövqeyini qorumaq üçün böyük risklərə gedir. Buna görə də Ukraynanın Rusiya daxilindəki hədəflərə hücumları daha tez-tez olacaq: “Rusiya rəsmilərinə qarşı sui-qəsdlər, eləcə də, işğal olunmuş Krıma və Rusiyanın hərbi və iqtisadi infrastrukturuna PUA və raket hücumları artıb. Bundan əlavə, Kerç körpüsünə yeni hücumlar baş verə bilər. Bu da öz növbəsində Rusiyanın Ukrayna şəhərlərinə daha intensiv hücumlarına səbəb olacaq. Bu hücumlardan hansısa biri NATO-nu birbaşa münaqişəyə cəlb edəcək. Nə Rusiya, nə də NATO belə bir genişlənməni istəyir, lakin müharibələr öz həyatlarını yaşayır”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov "Sherg.az"a deyib ki, Zelenskinin açıqlaması əslində bir növ xəbərdarlıq xarakteri daşıyır. Analitikə görə, Zelenski Qərb ölkələrinə açıq şəkildə bildirir ki, əgər ona dəstək verməsələr, Rusiya Ukraynanı məğlub edəcək:
"Yəni deyir ki, Rusiya Ukrayna ərazilərinin daha çoxunu işğal edərsə, bu, sizin içinizdə parçalanma yaradır. NATO və Avropa İttifaqı görsələr ki, Ukraynadan sonra növbə digər dövlətlərə keçir, o zaman qarşısıalınmaz parçalanma baş verər və kollektiv Qərb dağılar. Onsuz da Avropada müəyyən çatlar formalaşıb. Qərb dövlətləri arasında Ukraynaya münasibətdə fikir ayrılıqları mövcuddur və bunun qarşısını heç bir formada ala bilmirlər. Ona görə açıq çağırış edir və bildirir ki, yetərli dəstək olmazsa, Rusiyanın qarşısında çox tab gətirə bilməyəcəklər. Çünki Rusiyanın silah-sursatı kifayət qədərdir. Düzdür, hərbi texnika və canlı qüvvə baxımından itkiləri olsa da, Moskva Avropaya satdığı enerjinin pulu hesabına dayanmandan hərbi arsenalını təchiz edir. Hətta canlı qüvvələri də kənardan toplayır. Bu yaxınlarda Nepalın baş naziri dedi ki, "orada ölən vətəndaşlarımızın cəsədini ver". Bu o deməkdir ki, Rusiya kənardan hərbçi gətirib döyüşdürür. Zelenski də demək istəyir ki, Ukraynanın batması Qərbin batmasına yol açacaq".