Böyük Britaniya müttəfiq ölkələrlə birlikdə Fələstin dövlətinin rəsmi tanınması məsələsini nəzərdən keçirəcək.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
“Fələstin dövlətinin necə görünəcəyini, nələri ehtiva edəcəyini, necə işləyəcəyini müəyyən etməliyik. Bu baş verərsə, müttəfiqlərimizlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə BMT-də baxacağıq”, - o bildirib.
Kemeron qeyd edib ki, fələstinlilər görməlidirlər ki, “iki xalq üçün iki dövlət” prinsipinin həyata keçirilməsində və Fələstin dövlətinin yaradılmasında dönməz irəliləyiş olacaq.
Britaniya xarici işlər nazirinin fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a söyləyib ki, bu məsələ ikinci dünya müharibəsindən sonrakı beynəlxalq münasibətlər sisteminin gündəliyində daima öz aktuallığını qoruyub saxlasa da, həlli çox çətin olan problemə çevrilib:
"Çünki bir çox dünya dövlətləri BMT-nin 1947-ci il qətnaməsinin əsas götürərək “iki dövlət” konsepsiyasını müdafiə etdiklərini iddia etsələr də, təsir imkanı olan qlobal güclər Fələstin dövlətinin yaradılması istiqamətində heç bir real addım atılmayıblar. Xüsusilə də, Qərb dövlətlərinin bu istiqamətdə qeyri-rəsmi həmrəyliyinin olduğu hərkəsə məlumdur. Ona görə də, Böyük Britaniya kimi BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan aparıcı qlobal aktorun İsrail-Fələstin münaqişəsindəki mövqeyinin Devid Kemeronun son bəyənatlarında ifadə olunan fikirlərin əksinə olaraq dərin strateji maraqlara əsaslandığını aydın şəkildə ifadə edə bilərik. Nəticə etibarilə yaxın gələcəkdə Fələstin dövlətinin yaradılması və BMT çərçivəsində tanınması ilə bağlı iddiaların reallaşması ehtimalının olmadığını düşünürəm".