Vaşinqton İranla savaşmaq istəyir? - ŞƏRH

Baydenin açıqlaması aydın göstərdi

  Böyük Britaniya və ABŞ-nin silahlı qüvvələri Yəməndəki Husi üsyançıların obyektlərinə növbəti zərbə endirib. Bu barədə “Əl-Masirah” məlumat yayıb. Bildirilib ki, Yəmənin Hüdeyda vilayətinin Ras-İsa limanının ərazisinə iki dəfə zərbə endirilib. Qeyd edək ki, ABŞ-nin İraq və Suriyada SEPAH və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalaması Vaşinqton-Tehran arasındakı gərginliyi şiddətləndirib. ABŞ-nin addımı İordaniyadakı hərbi bazaya hücum cavab kimi dəyərləndirilir. Amerika Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Vaşinqton Suriya, İraq və Yəməndəki bombardmanlarla məhdudlaşmayacaq, əlavə zərbələr endiriləcək. Bəzi ekspertlər ABŞ və İranın proksi qüvvələr üzərindən bir-birinə qarşı cəbhə açmasının genişmiqyaslı savaşa çevrilə biləcəyini istisna etmirlər. Lakin qarşıdurmanın bir müddət sonra səngiyəcəyini düşünənlər də var.
  Türkiyənin Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az"a deyib ki, ABŞ və İran arasındakı qarşıdurma ciddi problem sayılsa da, bunun genişmiqyaslı müharibəyə çevrilmək ehtimalı azdır. Professorun sözlərinə görə, ABŞ Prezidenti C.Baydenin də açıqlaması göstərdi ki, Vaşinqton İranla savaşmaq niyyətində deyil: 

"Hazırkı dönəmdə və Amerikada keçiriləcək seçki ərəfəsində İranla ciddi konfliktin olması ehtimalı zəifdir. İran da bunun fərqindədir. Amma hər şeyə rəğmən, ABŞ öz prestijini qorumaq üçün İrana qarşı müvafiq formalarda addımlar atacaq, cavab tədbirləri görəcək. İraq və Suriyada SEPAH-a bağlı qüvvələrin vurulması da bunun tərkib hissəsidir. Başqa bölgələrdə də İrana aid hərbi obyektlərin vurulması qaçılmazdır. Daha fərqli cavab tədbirləri də görə bilərik. Lakin iki ölkə arasında hərbi qarşıdurmanın miqyasının genişlənməsi ehtimalı çox zəifdir. Bunun baş verməsi bölgə üçün ciddi problem yaradar. O baxımdan indiki məqamda həm ABŞ, həm də İran üçün gərginliyi artırmaq əlverişli deyil".