Zalujninin istefaya göndərilməsi...

Zelenski ordunun siyasi hakimiyyətə qarışmasının qarşısını aldı

Əks-hücum əməliyyatları bir nəfərin deyil, birbaşa siyasi hakimiyyətin qərarı ilə həyata keçiriləcək

“Çünki Zalujni ordunun siyasi qərarvermə səlahiyyətini əlində cəmləşdirmişdi"

  Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujninin istefası Prezident Volodimir Zelenski ilə münasibətlərdə son parçalanmanı göstərdi. “Bloomberg” yazıb ki, Ukraynanın iki ən görkəmli şəxsiyyəti arasında münasibətlərin parçalanması güclü daxili sarsıntıdır. Nəşr qeyd edib ki, Zalujninin istefası ən uyğun olmayan anda baş verib. Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uduzur, ABŞ-dən maliyyə yardımı gecikir: "Zelenski rəqibləri ilə çirkin mübarizə aparır. Zalujni Ukraynada çox məşhur idi. Zelenskinin baş komandanı siyasi rəqabətə görə vəzifəsindən uzaqlaşdırdığına dair fikirlər var".
  Zelenski ilə Zalujni arasında münaqişə ötən il kəskinləşib. Onların Ukrayna Silahlı Qüvvələrinin təbliği ilə bağlı müxtəlif fikirləri var. Qarşıdan gələn prezident seçkiləri də ziddiyyətləri daha da gücləndirir. Məlumat üçün bildirək ki, Ukrayna rəhbəri fevralın 8-də Zalujnini vəzifəsindən azad edib. General-polkovnik Aleksandr Syrski yeni baş komandan oldu. Milli Xəbər Xidməti xəbər verir ki, eyni zamanda Zelenski Zalujnini “komandada qalmağa” dəvət edib. Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujninin istefası ilə bağlı açıqlama yayıb: “ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır”. Ukrayna mediasında və sosial şəbəkələrdə Zalujninin taleyi ilə bağlı fərziyyələr davam edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Zalujni ilə bağlı xəbərlərlə bağlı çoxlu suallar var. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifəsindən azad edilməsi mövzusu ətrafında yaranmış vəziyyət Ukraynanın aqoniyasını və dövlətçiliyinin süqutunu əks etdirir.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ukrayna Silahlı qüvvələrinin ali baş komandanı Zalujninin istefaya göndərilməsi onun siyasi iddialar ortaya qoymasından irəli gəlir: 

"Ukrayna qoşunlarının cəbhədə uğurlu əks-hücumlarından sonra Zalujninin siyasətə qarışması, siyasi hakimiyyəti tənqid etməsi, Zelenskiyə alternativ kimi göstərilməsi orduda fikir ayrılıqları yaratmışdı.
  Quru qoşunlarının komandanı Sırıskinin silahlı qüvvələrin ali baş komandanlığına gətirilməsi, ordu ilə siyasi hakimiyyət arasında siyasi problemə son qoyacaq. Ordu yalnız öz işi ilə məşğul olacaq. Prezident V.Zelenski bununla ordunun siyasi hakimiyyətə qarışmasının qarşısını aldı. Getdikcə siyasi nüfuzu artan Zalujnini proseslərdən uzaqlaşdırdı. Ordunun əks-hücum əməliyyatları bir nəfərin deyil, birbaşa siyasi hakimiyyətin qərarı ilə həyata keçiriləcək. Çünki Zalujni ordunun siyasi qərarvermə səlahiyyətini əlində cəmləşdirmişdi".