Bu, Vaşinqton-Ankara arasında mövcud olan bəzi problemlərin həllinə yol açacaq
ABŞ senatorları F-16-ların Türkiyəyə satışını əngəlləməkdən imtina edib. Məlumata əsasən, ABŞ Senatı respublikaçı senator Rand Polun Türkiyəyə 23 milyard dollar dəyərində F-16 döyüş təyyarələri və modernizasiya dəstlərinin satışını dayandırmaq təklifini səs çoxluğu ilə rədd edib. Rand Polun təklifinə 79 nəfər qarşı çıxıb. Cəmi 13 nəfər onun qətnaməsinin lehinə səs verib. Qeyd edək ki, Türkiyə bu qırıcıları və modernləşdirmə dəstlərini almaq üçün 2021-ci ilin oktyabrından müraciət edib. ABŞ-nin qanunverici orqanı Amerika Administrasiyası tərəfindən təklif olunan silah və hərbi texnikanın ixracına dair müqavilələri 30 gün müddətinə bloklamaq səlahiyyətinə malikdir. Bunun üçün Nümayəndələr Palatasında və Senatda müvafiq qətnamənin təsdiqi tələb olunur. Lakin ABŞ prezidenti belə bir qətnaməyə veto hüququndan istifadə edə bilər. Vetonu ləğv etmək üçün Konqres həm Senatda, həm də Nümayəndələr Palatasında üçdə iki səs çoxluğu tələb edir. Bundan əvvəl ABŞ Dövlət Departamentinin yanvarın 26-da Konqresə göndərdiyi rəsmi bildirişdən sonra başlayan 15 günlük araşdırma və etiraz müddətində yalnız Kentukki senatoru Rend Paul Senata etirazını təqdim etmişdi. Paulun təqdim etdiyi qanun layihəsi Senatın Xarici Əlaqələr Komitəsinə göndərilsə də, orada qanun layihəsi ilə bağlı heç bir tədbir görülməyib. Həm Senat, həm də Nümayəndələr Palatasının xarici əlaqələr komitələri bildirişin edildiyi gün verdikləri açıqlamalarda “F-16”ların Türkiyəyə satışını təsdiqlədiklərini söyləyiblər. Söhbət 40 yeni “F-16” Block 70 döyüş təyyarəsi və Türkiyənin inventarında olan 79 təyyarə üçün modernizasiya dəstindən gedir. Məlumat üçün onu da bildirək ki, Türkiyə öz hava donanması üçün dördüncü nəsil F-16 hərbi təyyarələrinin tədarükü və modernləşdirilməsi ilə bağlı təkliflərlə bağlı ABŞ-dən məktub alıb. Söhbət Ankaraya 40 ədəd “F-16 Blok-70” təyyarəsinin satışından, Türkiyə Hərbi Hava Qüvvələrində artıq xidmətdə olan 79 ədəd F-16-nın modernləşdirilməsindən, eləcə də aviasiya sursatları partiyasının tədarükündən gedir. Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hazırda Birləşmiş Ştatların təklifi öyrənilir. Bundan sonra tərəflər arasında sazişin yekun mətni üzərində müzakirələr başlanacaq. Ankara əlavə edib ki, Türkiyə tərəfi ölkənin daxilində hava qüvvələri donanmasının modernləşdirilməsinin tərəfdarıdır. Nazirlik Ankaranın dördüncü nəsil “Eurofihgter” təyyarələrinə marağını təsdiqləyib və bu məsələnin Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Böyük Britaniyaya səfəri zamanı müzakirə edildiyini qeyd edib. Almaniya da daxil olmaqla, “Eurofihgter” prosesində iştirak edən digər Avropa ölkələrinin Türkiyənin marağına müsbət münasibət bildirəcəyinə ümid edilir.
Ankara Universitetinin professoru Torğul İsmayıl "Sherg.az"a açıqlamasında bildirib ki, Senatdan "F16"-larla bağlı müsbət qərarın çıxmasının əsas səbəbi son dönəmdə Türkiyə və ABŞ arasında əlaqələrin normallaşması və razılaşmanın olmasıdır. Professor deyib ki, ABŞ Türkiyəyə təzyiqlər göstərirdi:
"Vaşinton İsveçin NATO-ya üzvlük məsələsində Ankara hökumətinə basqılar həyata keçirirdi. Türkiyə İsveç məsələsindən məharətlə istifadə edərək bu məqam üzərindən Amerika ilə danışıqlar apardı. ABŞ istəsə də, istəməsə də Türkiyəyə verdiyi vədləri yerinə yetirməlidir. "F16"-ların Türkiyəyə verilməsi üçün Ağ Evin önündə heç bir əngəl qalmayıb. Bəllidir ki, Amerikada Türkiyə əleyhinə olan müəyyən güclər, dairələr var. Onlar Türkiyəyə qarşı qərəzli və məkrli qərarların qəbul edilməsinə çalışır, bəzən buna nail olurlar. Amma "F16"-larla bağlı cəhdlər uğursuz oldu və nəticə vermədi. Artıq tərəflər arasında anlaşma əldə olunub. Bu da Vaşinqton-Ankara arasında mövcud olan bəzi problemlərin həllinə yol açacaq. Əlbəttə, münasibətlərin tam formada düzələcəyini söyləmək çətindir. Çünki ziddiyyətli məsələlər, maraqların toqquşması halları var. ABŞ çox zaman Yaxın Şərqdə Türkiyənin maraqlarına zidd hərəkət edir. Lakin əlaqələr bu və ya digər şəkildə davam etdiriləcək".