Analitik: Kreml Ermənistanı Qərbə təslim etməyəcək

Böyük ehtimalla Ermənistanı daxildən qarışdıracaqlar


  Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Ermənistanla münasibətlərini yenidən gözdən keçirə bilər. Lavrov İrəvanın KTMT və regionda olan digər əməkdaşlıq formatlarına münasibət bildirməli olduğunu qeyd edib. Bir sıra erməni siyasətçiləri, deputatları, politoloqları Lavrovun bu çıxışını İrəvana açıq mesaj olaraq dəyərləndirirlər. Onun digər əməkdaşlıq formatı dedikdə Avrasiya İqtisadi İttifaqını nəzərdə tutduğu, Ermənistanın KTMT-dən çıxdığı halda, həmin platformadan kənarlaşdırılacağı iddia edilir. Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov da deyib ki, Ermənistanda Rusiyanın iştirakı ilə təhlükəsizlik sistemindən imtina ilə bağlı siyasi qərar qəbul edilib. Onun sözlərinə görə, Ermənistan tezliklə yeni milli müdafiə və təhlükəsizlik konsepsiyasını qəbul edəcək: "Gələn ildən Ermənistan tamamilə Qərb dövlətlərinin təchiz etdiyi silahlara keçəcək. Yaxın vaxtlarda İrəvan Rusiya sərhədçilərini Ermənistan ərazisindən çıxaracaq. Bir ay və ya ay yarımdan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mövqeyi və mümkünlüyü açıqlana bilər. Bu gün gördüyümüz Qərbin Cənubi Qafqaza təsir etmək, Rusiyanı sıxışdırmaq, Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaratmaq istəyidir". 
  
Moskva-İrəvan gərginliyini "Sherg.az"a dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan bildirib ki, Azərbaycan tərəfi Rusiya-Ermənistan qarşıdurmasından maksimum istifadə etməlidir. Ekspertin fikrincə, Ermənistanın Rusiyaya qarşı addımları Ukrayna savaşı ərəfəsində Kremli arxadan vurmaq təşəbbüsü kimi qiymətləndirilir:
 "Rusiyalı siyasilər bunu xəyanət kimi qəbul edirlər. Çünki Ermənistan uzun müddət Rusiyanın orbitində olub, bu gün isə tamamilə Rusiyadan imtina edərək Avropaya üz tutub. Ancaq Ermənistanın Qərbə üz tutması həm özü üçün, həm də region üçün müsbət heç nə vəd etmir. Əvvəl Rusiya Ermənistanı alət kimi istifadə edirdi, indi isə Qərb, əsasən də Fransa və Amerika istifadə edir. Özü də Türkiyə və Azərbaycana qarşı bu ölkədən yararlanırlar. İndidən bunun qığılcımları görünür. İrəvan-Moskva gərginliyinin sülh prosesinə maneəsi o halda ola bilər ki, Rusiya ilə Avropa arasında anlaşmazlıq regional məsələlərdə həlledici mərhələyə qədəm qoysun. Türkiyə və Azərbaycanın birgə ortaq strategiyası Ermənistanı və onun Qərbdən, yaxud Şərqdən olan himayədarlarını təslimiyyət göstərməyə vadar edəcək. Türk Dövlətləri Təşkilatının iqtisadi layihələri, Türkiyənin bölgədə boyük və aparıcı güc kimi formalaşması Azərbaycanın istəklərinin reallaşmasına qarşı olan maneələri dəf etməyə qadirdir. Rusiya ilə Türkiyənin də münasibətləri inkişaf edir. Ancaq Ermənistanın Qərbə meyli hansısa demokratik dəyərlərlə yox, əsasən revanşist niyyətlərin həyata keçirilməsi ilə bağlıdır".

  Analitik əlavə edib ki, Rusiyanın Ermənistana ciddi təzyiqlər edəcəyi istisna edilmir: 
"Moskvanın başı Ukrayna məsələsinə qarışıb. Ermənistan Rusiya ilə olan bütün ittifaqlardan ya özü çıxacaq, ya da çıxarılacaq. Ermənistanı Qərbə doğru sürükləyən Fransanın əsas hədəfi regionda Ermənistanı Türkiyə, Azərbaycan və Rusiyaya qarşı gücləndirməkdir. Məsələ budur ki, Ermənistan balanslı siyasət də apara bilmir. Bir əsrdən artıqdır Rusiyanın əlaltısı olan bir dövlət 180 dərəcə Qərbə çevrilərsə, şübhəsiz, siyasi zəlzələ qaçılmaz olacaq. Qərbin Ermənistanı özünə çəkməsi antitürk, antirus siyasəti çərçivəsindədir. Ermənistanın da bütün manevrləri revanşa hesablanıb. Əlbəttə, Kreml Ermənistanı asanlıqla Qərbə təslim etməyəcək. Böyük ehtimalla Ermənistanı daxildən qarışdıracaqlar. Həmçinin Rusiya Ermənistana basqıları artırmaq üçün Zəngəzur məsələsi üzərindən ciddi müdaxilələr edə bilər. Paşinyan hakimiyyətinin sülhü uzatması, Qərbə üz tutmaqla yenidən revanşist niyyətlərini həyata keçirmək arzusu Ermənistanı Ukraynanın gününə sala bilər. Azərbaycanla Ermənistan arasında sülh olsa da, olmasa da, Bakı heç nə itirmir. Azərbaycanın apardığı siyasət elədir ki, istənilən durumda qalib ölkə kimi biz uduzmuruq. Sülhdən qaçmaqla Ermənistan çox şey itirir və daha da itirəcək".