Müharibə ABŞ-nin Avropanın müdafiə və təhlükəsizliyində ciddi rol oynamadığını üzə çıxardı
Ukrayna ordusu Rusiyanın Belqorod vilayətindəki neft bazasına PUA-larla hücum edib. Məlumata görə, zərbələr nəticəsində 3 neft rezervuarı yanıb. Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi də Ukrayna dronları vasitəsilə vurulub. Bu, Ukrayna Baş Kəşfiyyat İdarəsinin həyata keçirdiyi əməliyyat olub. ABŞ Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq qərarı alıb. Prezident Cozef Baydenin Konqresə məktubunda qeyd olunub ki, milli fövqəladə vəziyyətin uzadılması zəruridir. “Politiko” nəşri ABŞ-nin NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalderə istinadən məlumat yayıb. Qeyd olunub ki, bütün etirazlara və xəbərdarlıqlara rəğmən Fransa Ukraynada NATO hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Alyansının komandanlığına təklif yollayıb. Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkhard NATO-dakı həmkarlarına Ukrayna ərazisində alyans qüvvələrinin yerləşdirilməsini təklif etsə də, rədd cavabı alıb. Daalderin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron belə sərsəm ideyanı səsləndirəndən bir neçə həftə əvvəl T.Burkhard NATO-da təşəbbüslə çıxış edibmiş. Tokio Universitetinin hərbi problemlər üzrə mütəxəssisi Dayske Kavai deyib ki, Donald Tramp prezident seçilərsə, Ukraynaya hərbi dəstəyi artıra və bu məsələdə Co Bayden administrasiyasından qat-qat fəal mövqe tuta bilər: “Prezident Co Bayden administrasiyası təmkinli davranır, NATO vasitəsilə Ukraynada eskalasiya səviyyəsini artırmaq, NATO ilə Rusiya arasında toqquşma istəmir. Lakin Tramp bu siyasəti dəyişə bilər. Seçki kampaniyası zamanı o, seçiləcəyi təqdirdə ABŞ-nin Ukraynaya hərbi dəstəkdən çıxa biləcəyindən danışıb, amma reallıqda bunun baş verməsi ehtimalı azdır. Fikrimcə, Trampın rəhbərliyi altında Ukraynaya daha yüksəksəviyyəli hərbi yardım, o cümlədən oyunu və hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə biləcək silahlar veriləcək. Trampın prezidentlik dövründəki siyasi müşavirləri də bu fikirdədir”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Rusiya-Ukrayna müharibəsi NATO-nun işlək təşkilat olmadığını üzə çıxardı. Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynada müəyyən irəliləyişlər əldə etməsinə baxmayaraq, bu, həlledici irəliləyişə gətirməyəcək:
"Müharibə ABŞ-nin Avropanın müdafiə və təhlükəsizliyində ciddi rol oynamadığını üzə çıxardı. Amerika birbaşa Avropanı Rusiya ilə təkbətək buraxdı. Ukraynada Rusiyanın qalibiyyəti Şərqi Avropanın işğalı ilə nəticələnə bilər. Məhz Almaniya, Fransa və Böyük Britaniya kollektiv olaraq Avropanın müdafiəsi və təhlükəsizliyində vahid bir cəbhə yaratmaq istiqamətində danışıqlar aparır. Rusiyanın hücumları Qərb paytaxtlarında həyəcanla qarşılanır. Ukraynaya ABŞ yardımları seçki prosesində siyasi qarşıdurmalara görə reallaşmır. Almaniya, Fransa və Böyük Britaniyanın Ukraynaya intensiv hərbi yardımları artırması gözlənilir. Rusiyanın taktiki olaraq cəbhə xəttində üstünlüyü ələ alması Qərbi birləşməyə sövq edir".
Analitikə görə, Qərb ölkələrinin Ukraynaya muzdlu qoşunlar göndərməsi istisna deyil:
"Verilən hərbi təyyarələr, texnikalar, silahar və ballistik raketlər məhz Qərbin qeyri-rəsmi hərbçiləri tərəfindən idarə olunacaq. Avropa liderləri Ukraynada Rusiya Prezidenti V.Putinin qalib gəlməsini öz ölkələrinin gələcəyini sual altına qoyacağının fərqindədirlər. Nəticə etibarı ilə Rusiya-Ukrayna müharibəsi NATO-nun güclü müdafiə hərbi təşkilatı olmadığını, Avropanın təhlükəsizliyinə cavab vermədiyini göstərdi. Avropa İttifaqının vahid ordusunun yaradılması istiqamətində işlərə başlanılacaq. NATO sadəcə, ABŞ-nin müsəlman ölkələrinə qarşı hərbi əməliyyatlar funksiyasını həyata keçirən qurumdur. Təşkilatın Ukraynaya hərbi yardımı nəzərdə tutan "Ramştaym" formatı da ifalsa uğradı".