Fransız səfir etiraf etmiş oldu...

Tehran və Parisin İrəvanı qoruduğu, Bakıya qarşı ortaq məxrəcdən çıxış etdiyi sirr deyildi

  Fransanın Ermənistandakı səfiri Olivye Dekotini "Armenpress"ə müsahibəsində deyib ki, İranla bir çox məsələdə fikir ayrılıqları olsa da, Ermənistanla bağlı eyni mövqedən çıxış edirlər. Səfir Fransanın Rusiyanın Cənubi Qafqazda rolunu zəiflətmək cəhdləri ilə bağlı sualı cavablandırarkən bildirib ki, Fransa bu məsələyə təsir dairələri baxımından deyil, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququ baxımından yanaşır: “Son bir neçə ildə Ermənistanın qonşu dövləti İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib. İranla bir çox məsələlərdə fikir ayrılığı var, lakin bu, razılaşdığımız bir məsələdir”.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Tehran və Parisin İrəvanı qoruduğu, Bakıya qarşı ortaq məxrəcdən çıxış etdiyi sirr deyildi, fransız səfir bunu etiraf etmiş oldu. Ekspertin sözlərinə görə, Fransa və İran 44 günlük müharibədə Azərbaycan Ordusunun dayandırılması məqsədilə paralel şəkildə işləyirdilər: 

"2023-cü ilin 20 sentyabrına qədər Qarabağdakı separatçıları hər iki ölkə dəstəkləyirdi. Ermənistan sərhədinin qorunması və Zəngəzur dəhliz layihəsində eyni mövqedən çıxış edirlər. İstisna deyil ki, Tehran və Paris Ermənistanın müdafiəsi məqsədilə müxtəlif kanallarla qapalı təmaslar da qurur və addımlarını koordinasiya edir. İndiyə qədər baş verənlər də bu ehtimalı gücləndirir. Azərbaycanı “bölgəyə xarici qüvvələr gətirməkdə” ittiham edən İranın Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda hərbi mövqelər əldə etməsinə susması da bundan qaynaqlanır. Son dövrlər Tehranın “regiona xarici oyunçuların gətirilməsi” məsələsində reallığı gördüyünə dair məlumatlar var. Paşinyanın müavini Mher Qriqoryanı Tehranda qəbul edən İran prezidenti İbrahim Rəisi bu barədə xəbərdarlıq etmişdi. Lakin bu, İran və Fransanın Ermənistanla bağlı ortaq möqveyinin dəyişməsi demək deyil".
  A.Nərimanlı hesab edir ki, Tehran Fransa qüvvələrinin Ermənistanda yerləşməsinə qarşı praktiki addım atmayıb. Əksinə, Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edərək, İrəvana dəstək məqsədilə Zəngəzurda hərbi baza yaratmaq planları qurur: "Fransanın lobbiçiliyi ilə Hindistandan Ermənistana silahların İran üzərindən daşınması həyata keçirilir. Ermənistanın müdafiə naziri Suren Papikyanın bu gün İrana səfəri də bu ölkə ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə və silah daşınmasında Tehranın tranzit rolunu gücləndirməyə hesablanıb".