İndiki halda alternativ dəhlizlər daha cəlbedici görünür
“Telekommunikasiya xətlərinə qarşı təxribatların müəllifinin kim olmasından asılı olmayaraq, bu, davam edən böhranı daha da gücləndirə və geosiyasi rəqabət səhnəsində qanqaraçılığı artıra bilər”
Qlobal miqyasda müşahidə edilən geosiyasi gərginliklər, xüsusən Rusiya-Ukrayna müharibəsi qarşıya yeni çağırışlar çıxarıb. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün xüsusi aktuallıq daşıyır. Mövcud gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Son olaraq husilərin bölgədə bəzi internet kabellərini kəsməsi dünyanın ən böyük sosial şəbəkələrinin, provayderlərin və xidmətlərin istifadəçilərini çətin vəziyyətdə qoyub. Honq-Konqda yerləşən "HGC Global Communications Limited" provayderi bildirib ki, dörd sualtı kabel, o cümlədən Asiya-Afrika-Avropa 1 kəsilib. Digər üç zədələnmiş kabel Seacom, TGN və EIG-dir. Şirkət hesab edir ki, bu, trafikin təxminən 25 faizinə təsir edir: "İlkin təhlillər göstərdi ki, zədələnmiş kabel seqmentləri Yəmənin yurisdiksiyasına daxil olan Qırmızı dənizin cənubunda yerləşir". Belə şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcminin 6 dəfəyədək artacağı gözlənilir. Əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq”.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, İranın dəstəyi və verdiyi təlimatlar əsasında Yəməndə fəaliyyət göstərən, dünya ticarət marşrutlarını bloklamağa çalışan Husi hərəkatını döyüşlərdən çəkindirmək mümkün olmayıb. Ekspertin sözlərinə görə, ABŞ və Böyük Britaniya birgə hava əməliyyatları hazırlayaraq Yəməni aviazərbələrə məruz qoyur:
"Bir ay yarımdan çoxdur fasilələrlə davam edən hava zərbələrinə baxmayaraq, Husi üsyançıları əhəmiyyətli hücumlar təşkil etmək iqtidarını qoruyub-saxlayırlar. Qısası, husiləri geri oturtmaq mümkün olmayıb və onlar İranın maksimalist ambisiyalarının təmini üçün sonacan vuruşmağı müqəddəs vəzifə hesab edirlər. Telekommunikasiya xətlərinə qarşı təxribatların müəllifinin kim olmasından asılı olmayaraq, bu, davam edən böhranı daha da gücləndirə və geosiyasi rəqabət səhnəsində qanqaraçılığı artıra bilər.
Qırmızı dənizdə kabellərin kəsilməsi internet trafikini həyata keçirən dəhlizlərin ciddi təhlükədə olduğunu göstərir. Belə olduğu təqdirdə, alternativ dəhlizlər daha cəlbedici görünür, məsələn, Orta Dəhlizin Rəqəmsal İpək Yolu prioritetləri çərçivəsində qiymətləndirmələri gündəmə gəlir. Rəqəmsal İpək Yolunun inkişafı Çinin gələcək geosiyasi təkamülü üçün mühüm rol oynayır. Çinin iqtisadi güc mərkəzi kimi tərəqqisi texnoloji hədəflərin də mühərrikinə çevrilir".
Analitik qeyd edib ki, rəqəmsal İpək Yolu Çinin getdikcə daha uğurlu qlobal əlaqəsi üçün strateji əsasları təcəssüm etdirir:
"2015-ci ildə istifadəyə verilmiş Rəqəmsal İpək Yolu Çinin “bir kəmər, bir yol” layihəsinə qabaqcıl texnologiyanın daxil edilməsinə istinad edib. Rəqəmsal İpək Yolu telekommunikasiya imkanlarını artıran və ya rəqəmsal iqtisadiyyatların qurulmasına kömək edən texnologiyalar kimi müəyyən edilir. O, əsasən telekommunikasiya-şəbəkə infrastrukturuna, o cümlədən 5G, sualtı və yerüstü fiber-optik kabellər, peyk yerüstü izləmə stansiyaları, məlumat mərkəzləri daxil olmaqla geoiqtisadi sərmayələrə işarə edir. Rəqəmsal İpək Yolu Azərbaycanın da önəm verdiyi Orta Dəhliz marşrutunu canlandırır. Çünki bu layihə Orta Dəhliz ölkələrindən - Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan - və Türkmənistan ərazilərindən keçməklə meqarəqəmsal telekommunikasiya şəbəkəsini inkişaf etdirir. Orta Dəhliz üzrə həmin marşrut yüksək ötürmə qabiliyyəti və məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlıq və inkişafa təkan verəcək. Göründüyü kimi, Qırmızı dənizdəki insidentlərin yaratdığı beynəlxalq telekommunikasiya problemləri Rəqəmsal İpək Yolunun perspektiv fəaliyyəti üçün üfüqlər açır. Beynəlxalq internet şəbəkəsinin çevik və optimal işləməsi üçün geosiyasi güclərin rəqəmsal iqtisadi artıma diqqətləri artırması gözləniləndir".