Vaxt verildi: Ruslar avqustun 1-dən "Zvartnots" Hava Limanından çıxarılacaq

Belə vəziyyətdə Kreml dərhal Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayacaq


  Ermənistan sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən "Zvartnots" Hava Limanında müstəqil xidmətə başlayacaqlarını bildiriblər. Ermənistan Baş naziri Nikol Paşinyan da "Zvartnots" Hava Limanından çıxarılması məsələsinə toxunub. Paşinyanın sözlərinə görə, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın “Zvartnots” Hava Limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir: “Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”. Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 6 mart tarixində jurnalistlərə açıqlama verərək bildirib ki, Ermənistan tərəfi “Zvartnots” Hava Limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. Qriqoryanın sözlərinə görə, “Zvarnots” Hava Limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəz edilməsi üçün bütün imkanlar var və hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərməlidir. Kreml sözçüsü Dmitri Peskov da həqiqətən bununla bağlı bildiriş məktubu aldıqlarını təsdiqləyib: "Hazırda qurumlar arasında əlaqələr yaradılır. Artıq heç nə deyə bilmərəm. Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək". 

  Politoloq Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Ermənistanın bu addımı Rusiya tərəfindən ağır qarşılanacaq. Ekspertin sözlərinə görə, "Zvartnots" Hava Limanında sərhədçilərin bu cür çıxarılması 30 sentyabr 1991-ci il müqaviləsinin tələblərinə ziddir:

 "Ən azından müzakirələr keçirilməli idi və bu məsələ qarşılıqlı razılaşmalar yolu ilə həll olunmalıydı. Ancaq Ermənistan ultimatum yolunu seçdi və avqustun 1-dək Rusiyaya vaxt verdi. İndi sual olunur, əgər ruslar könüllü çıxmasa, neyləyəcək, zorlamı çıxaracaq? Belə vəziyyətdə Kreml iki addım ata bilər. Ya rus sərhədçiləri öz fəaliyyətinin icrasına davam edərək Ermənistanı kəskin addımlar atmağa məcbur edəcəklər, yaxud da gərginliyi artırmamaq üçün, həm də Ukraynadakı vəziyyəti nəzərə alıb, sərhədçilərini "Zvartnots" Hava Limanından çıxaracaq. Ancaq dərhal Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayar. İlk addım kimi Rusiyada işləyən ermənilərin göndərilməsi barədə qərar verər. Ayrıca, Rusiyada milyondan artıq erməni miqrant kimi fəaliyyət göstərirlər və onlar ötən il dörd milyard dollar öz ölkələrinə vəsait göndəriblər. Ermənilər bu sahədə liderdir. Yaxud Moskva Ermənistana satdığı qazın qiymətinin qaldırılması barədə qərar verər. Yuxarı-Lars keçid məntəqəsini bağlaya bilər və s. Atılacaq addımlar çoxdur. Hər halda Rusiya bunu sakit qarşılamayacaq. Bu, Ermənistanın növbəti ciddi səhvidir. Rusiya ilə bu cür rəftar etmək Ermənistanda bütün hallarda baha başa gələcək".