İsveç və Finlandiyadan başqa dövlətlər də NATO-ya can atacaq
Rusiya Prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü “mənasız addım” adlandırıb. Rusiya lideri iki ölkəyə qarşı mümkün tədbirlərə də diqqət çəkib. Dövlət başçısı Finlandiya sərhədində heç bir rus əsgərinin olmadığını söyləyib və əlavə edib: “Orada əsgərimiz yox idi, indi nə olacaq? Finlandiya sərhədində hərbi baza quracağıq”.
Təhdidlərini davam etdirən Putin vurğulayıb: “Kimsə Rusiya dövlətinin varlığını təhdid edərsə, nüvə silahından istifadə etməyə hazırıq”. Putin söyləyib ki, Rusiya nüvə müharibəsinə hazırdır, amma hələlik buna ehtiyac yoxdur: “Əgər ABŞ nüvə sınağı keçirsə, Rusiya da eynisini edəcək”.
Politoloq Qulamhüseyn Əlibəyli deyib ki, Rusiya hər zaman digər ölkələrə hərbi-siyasi cəhətdən təzyiq göstərməyə çalışıb. Ekspertin qənaətincə, Finlandiya və İsveçin NATO-ya üzvlük söhbəti yenicə gündəmə çıxanda da Rusiya oxşar hədələr səsləndirmişdi:
"Nüvə silahından istifadə ilə dünyanı təhdid etmək Moskvanın ənənəvi hədəsidir. Rusiya Avropa ilə həmsərhəd ölkələri hər zaman təhdid altında saxlayıb, onlara davamlı təsir göstərib. İsveç və Finlandiya məhz Rusiyadan, onun nüvə silahından qorxduqları, Kremlə etibar etmədikləri üçün NATO-ya üzv olmaq barədə qərar verdilər. Rusiya kimi NATO da öz sərhədlərini qoruyur. Rusiya hazırda NATO ilə birbaşa qarşıdurmaya girmək niyyətində deyil. Heç hərbi alyans da ruslarla müharibə istəmir. Çünki bu, dünyanın faktiki olaraq məhvinə gətirib çıxarar". Analitikə görə, Qərb artıq fərqindədir ki, Rusiya qarşı tərəfi qorxutmaq məqsədilə müəyyən təhdidlər edir: "Moskva anlamır ki, məhz onun hədsiz təzyiqləri sayəsində İsveç və Finlandiya NATO üzvü olmağa can atdı. Hədələr sözügedən ölkələri qorxudub geri addım atdırmadı, əksinə, NATO-ya üzvlük prosesini sürətləndirdi. Yəni proses əks effekt verdi".