50 il sonra ittiham olundu

80 yaşlı sabiq zabit Berlin divarı qarşısında bir polyakı öldürməkdə günahlandırılır

  Polşalı birisini öldürməkdə günahlandırılan alman zabitinin məhkəməsi keçirilir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, alman zabitinin adı məxfi saxlanılır. İttihama görə, o, vaxtilə Şərqi Almaniyanın xüsusi kəşfiyyat mərkəzi Ştazinin zabiti olub. Və Berlin divarı qarşısında bir polyakı öldürüb. Hazırda o, 80 yaşındadır. 80 yaşlı sabiq zabit Qərbi Berlinə qaçmağa çalışan polyakı öldürmədiyini israr edir və özünə qarşı hər cür ittihamı rədd edir. İstintaq isə zabitin polyak Czeslav Kukuczkanı arxadan güllə ilə vurduğunu sübut etməyə çalışıb. Hadisə 1974-cü ildə baş verib. Polşalı C.Kukuczka 3 uşaq atası olub və yanğınsöndürən işləyib. Onun məqsədi əvvəlcə Qərbi Berlinə, sonra isə ABŞ-yə köçmək olub. Polyak əlində bir çanta ilə Şərqi Berlindəki Polşa səfirliyinə gəlib və əgər ona Qərbi Berlinə keçməsinə izin verilməzsə, səfirlikdə çantadakı bombanı partladacağı ilə hədələyib. Təşvişə düşən səfirlik əməkdaşları ona bu şəraiti yaradıblar. Lakin Qərbi Berlin sərhədinə yaxınlaşdıqda, polyak arxadan vurulub. Həmin vaxt təsadüfən ərazidə olan bir qrup tələbə olaya şahidlik edib və zabitin C.Kukuczkanı vurduğunu gördüklərini söyləyiblər. Ailəsinə polyakın yalnız külü yığılmış qab verilib. Bu qətl hadisəsi 1990-cı illərdə araşdırılsa da, qatil tapılmayıb. Yalnız 2005-ci ildə istintaq dayandırılıb. 2016-cı ildə isə Ştazi arxivlərində yeni sübutlar tapılıb. Və məhkəmə yenidən başlayıb. Mənbələrdə bildirilir ki, SSRİ-nin faşist Almaniyası üzərindəki qələbəsindən sonra inşa edilən Berlin divarı 140 nəfərin ölümünə səbəb olub. O illərdə bir çoxları Şərqi Berlindən Qərbi Berlinə keçmək istəyib, bir çoxunun taleyi də faciəli bitib.