İrəvan sadəcə nəbz yoxlayır
“Avropa Birliyinin müşahidə missiyası boş-boşuna Ermənistanda vaxt və pul xərcləyir”
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Türkiyə nümayəndəsinin Aİ-nin müşahidə missiyasının tərkibində ola biləcəyi ehtimalına münasibət bildirib. Qanun layihəsini təqdim edən nazir müavini deyib ki, bu məsələdə razılıq siyasi dialoq yolu ilə əldə edilir. O, buna misal kimi Kanada nümayəndəsinin missiyaya cəlb edilməsini xatırladıb. Safaryan əlavə edib ki, missiya nümayəndələrinin sayı da müzakirə edilir və bu, tərəflər üçün məcburi məqamdır. Safaryan bildirib ki, 2003-cü ildən bəri dünyada Aİ-nin 37 hərbi və mülki missiyası fəaliyyət göstərir. Hazırda 21 (12 mülki, 9 hərbi) missiyası fəaliyyət göstərir. Müxalif “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan da bildirib ki, sənədə əsasən, missiyaya Aİ-dən kənar ölkələrin nümayəndələri də daxil ola bilər, lakin Ermənistan tərəfindən namizədlərin təsdiqi ilə bağlı heç bir bənd yoxdur: "Aİ-yə belə bir imkan verilsə, o zaman missiyaya Türkiyədən və ya Albaniyadan müşahidəçi daxil ola bilərmi? Ermənistan müşahidəçilərin sayına nəzarət edə bilərmi?". Qeyd edək ki, sazişə əsasən, müşahidəçi statusu diplomatik statusa yaxın olacaq, müşahidəçilər monitorinq funksiyalarını yerinə yetirmək baxımından hüquqi toxunulmazlığa malik olacaqlar. Aİ müşahidəçi missiyası 20 fevral 2023-cü il tarixindən Avropa Şurasının qərarı ilə daimi əsasda rəsmi olaraq Ermənistanda yerləşdirilib. Bundan əvvəl, 2022-ci ilin oktyabrından missiya müvəqqəti olaraq Ermənistanda idi. Hazırda Ermənistanın Azərbaycanla sərhədində missiya yerinə yetirən avropalı müşahidəçilərin sayı 209 nəfərdir.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birmənalıdır. Ekspertin sözlərinə görə, belə bir missiyaya heç bir ehtiyac yoxdur:
"İki dövlət və iki xalq arasında münasibətlərin normallaşması, tənzimlənməsi üçüncü tərəflərin iştirakı olmadan daha çox mümkün görünür. Ona görə də istər Avropa Birliyinin, istərsə də kənar dövlətlərin bir missiya tərkibində bölgəmizdə iştirak etməsinə zərurət yoxdur. Ermənistan tərəfinin Türkiyənin adını bu məsələdə hallandırması sadəcə olaraq gözə kül üfürmək üçündür. Bir növ nəbz yoxlaması və Azərbaycanın mövqeyini yumşaltmaq cəhdidir. Bu məsələdə rəsmi Bakının müsbət münasibətinin olacağını düşünmürəm. Digər tərəfdən Ermənistan bu fikri özbaşına ictimailəşdirmir. Görünür, Avropa Birliyinin başbilənləri də bu yöndə nələrsə düşünürlər. Bir növ pərdələnmək üçün Türkiyənin də adını hallandırmağı uyğun görüblər".
A.Həsrət vurğulayıb ki, Azərbaycan buna aldanan deyil, heç Türkiyənin özü də Ermənistanda Aİ missiyası tərkibində təmsil olunmaqda qətiyyən maraqlı deyil:
"Azərbaycan uyğun görərsə və münasibətlər normallaşarsa, qardaş Türkiyə də ona uyğun davranacaq. Amma Azərbaycanın istəyi və arzusu olmadan belə bir şey mümkün deyil. Bunu Türkiyə dövlət rəhbəri, bütün rəsmiləri dəfələrlə bəyan ediblər. Ermənistan Avropa Birliyinə rəsmi müraciət edəcəyi təqdirdə qardaş Türkiyə yenidən onlara xatırlatmalı olacaq ki, hər hansı addımın atılması yalnız Azərbaycanın istəyi ilə mümkündür. O baxımdan bu məsələdə Türkiyənin gündəmə gətirilməsinin baş qatmaqdan başqa bir şey olmadığı bəllidir. Nəticə gözləmirik. Ümumiyyətlə isə düşünürük ki, Avropa Birliyinin müşahidə missiyası boş-boşuna Ermənistanda vaxt və pul xərcləyir".