"Crocus City Hall"da terror aktı: Şübhəlilər Rusiya vətəndaşıdır? 

“Crocus City Hall”da terror aktında şübhəli bilinən şəxslər Rusiya vətəndaşları deyil.

Trend-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi (DİN) xəbər verib.

Qeyd olunub ki, bu gün bir sıra "Telegram" kanalları və sosial şəbəkələrdə terror aktında şübhəli bilinən şəxslərin Rusiya vətəndaşları olması ilə bağlı iddialar yayılıb.

"Bu məlumat həqiqətə uyğun deyil. Onların hamısı xarici vətəndaşlardır", - deyə bildirilib.

Nazirlik bildirib ki, hazırda Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya bölmələri Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan həmkarları ilə birlikdə saxlanılan şəxslərin hər birinin Rusiya Federasiyası ərazisində qalma müddətini öyrənir.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.