KİV: İrəvanda polis bölməsinə hücumda Qərbin izləri var

Ermənistan paytaxtı İrəvan şəhərində polis bölməsinə təşkil edilən hücum Qərbin Baş nazir Nikol Paşinyana xəbərdarlığıdır.

APA xəbər verir ki, bu barədə “Hraparak“ erməni nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşr hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən qeyd edib ki, İrəvanda Nor-Nork polis idarəsinin inzibati binasına hücumda “Qərbin izləri” var.

Nəşrin yazdığına əsasən, hakim partiyada belə hesab edirlər ki, Qərb Ermənistan tərəfini Azərbaycanla tez bir zamanda sülh müqaviləsi imzalamağa məcbur etmək üçün hakimiyyətə təzyiqləri artırır, çünki məhz bundan sonra Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq arzusu gerçəkləşə bilər.

Həmçinin əlavə olunub ki, Qərb bu yolla Paşinyana xəbərdarlıq edir - əgər tez bir zamanda hərəkətə keçməsə, onu daha radikal hakimiyyət nümayəndəsi əvəz edəcək və həmin şəxs Qərbin tələblərini yerinə yetirəcək.