Zelenski aradan götürülə bilər -ŞOK PROQNOZ

Kreml bu planını həyata keçirsə belə, Ukrayna xalqını mübarizədən geri çəkilməyə təhrik edə bilməyəcək


  Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb.
Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunub ki, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər. Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi dəqiqləşdirilib. Ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb. Ukrayna prokurorları bu barədə aldıqları kəşfiyyat məlumatlarını Varşavadakı həmkarlarına ötürüblər.  Nəticədə polyak müəyyən edilərək saxlanılıb. O, xarici kəşfiyyat xidmətinin xeyrinə hərəkət etməyə hazır olmaqda ittiham olunub. Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir.
Rusiya rəhbərliyi isə Zelenskiyə qarşı edilən  sui-qəsdə görə Qərbi ittiham edib.
  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki,  Polşada Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlığı ilə bağlı yayılan xəbərlər Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutu ola bilər: “Polşada əsas Bandera üzvünün həyatına qəsd? Amma bu, həqiqətən ciddidir. Narkotik kloununun ciddi təşviş üçün əsası var. Çox güman ki, bu, Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutudur. Qorx, təlxək!”.  

  Siyasi şərhçi Azər Rəşidoğlu isə “Sherg.az”a açıqlamasında Medvedyevin ittihamlarının əsassız olduğunu deyib. Onun sözlərinə  görə, Putin dəfələrlə rəqiblərinə qarşı sui-qəsd həyata keçirib: 

“2015-ci ilin fevralında Rusiya müxalifətinin lideri, Yeltsin dövründə Baş nazirin birinci müavini çalışmış Boris Nemtsovun Moskvanın mərkəzində qətlə yetirilməsi, “Gələcək Rusiya” Partiyasının sədri Aleksey Navalnının həbsxanada zəhərlənməsi və ölümü sıradan məsələ deyil. İstisna deyil ki, Kreml Zelenskini də aradan götürmək barədə düşünsün. Putin demokratik yollarla mübarizə apara bilmir. KQB-nin şinelindən çıxmış üsullarla rəqiblərini sıradan çıxarmağa çalışır. Öldürmək, zəhərləmək, sui-qəsd, kütləvi həbslər, repressiya - bütün diktatorlar kimi, Putinin mübarizəsi budur. Kreml anlayır ki, artıq canlı hərbi qüvvəsi tükənmək üzrədir. Bu baxımdan atəşkəs barədə müzakirələri ortaya atmaqla vaxt qazanmağa çalışır. Ukrayna hakimiyyəti, o  cümlədən Qərb dairələri də bilir ki, Putin zaman  qazanmaqla yenidən qüvvə toplamaq niyyətindədir. Bu imkanın ona verilməsi isə daha neçə min günahsız insanın qətli deməkdir. Kreml çox ümidsiz durumdadır və bunun heyfini günahsız insanlardan çıxır. Bu isə bəşəriyyətə qarşı təhdid, beynəlxalq hüquq və normaların ayaqlar altına atılması deməkdir.  Dəhşətli bir mənzərə yaranıb. Ukraynada hər gün yüzlərlə məsum insan öldürülür. Qərb isə sadəcə kənardan müşahidə edir. Maliyyə və iqtisadi sanksiyalarla gələcək hədəf kimi əsas rəqiblərindən birini sıradan çıxarmağı düşünürlər. Nəticədə isə XXI əsrdə bir suveren ölkə xarabalığa çevrilir.  Zelenskinin qətlə yetirilməsi də mümkündür. Lakin bunun baş verəcəyi inandırıcı deyil. Kreml hər şeyə, o cümlədən prezidentin qətlinə hazırdır. Onların təcrübəsində rəqiblərin fiziki baxımdan sıradan çıxarılması cinayəti az olmayıb. Lakin mövcud şəraitdə inanmıram ki, bu hadisə baş tutsun. Çünki Prezident Zelenski kifayət qədər peşəkar qorunma altındadır. Hətta Putin bu planını həyata keçirsə belə, Ukrayna xalqını mübarizədən geri çəkilməyə təhrik edə bilməyəcək. Bu, hətta onun özünün siyasi intiharı olacaq. Putindən fərqli olaraq xalqı Zelenskini dəstəkləyir və onun arxasındadır. Rusiyanın təcavüzünə qarşı bütün xalq birləşib və heç bir qüvvə onun müqavimətini qıra bilməyəcək”.