Rusiyanın hərbi bazası Ermənistandan çıxarılmayacaq -ANALİTİK

Bəzi şərhçilərin bu məsələdə Qarabağla Ermənistanı eyniləşdirməsi yanlışdır
 
 
 Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Onun sözlərinə sözlərinə görə, Putin və Paşinyan arasında şəxsi təmas “qısa müddətdə” baş tuta bilər və liderlər bu və digər aktual məsələləri şəxsən müzakirə edə bilərlər: “Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.

 Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Rusiyanın hərbi bazasının Ermənistandan çıxacağını düşünmür. Ekspert qeyd edib ki, bəzi şərhçilərin bu məsələdə Qarabağla Ermənistanı eyniləşdirməsi yanlışdır: 
"Qarabağda sülhməramlı kontingent müvəqqəti yerləşdirilmişdi və konkret müddət barədə razılıq var idi. Yəni bu, hüquqi prosedur idi. Ötən 4 il ərzində parlament rus sülhməramlıları ilə bağlı məsələni ratifikasiya etmədi. Ermənistan parlamenti isə rus qoşunlarının Gümrüdə qalmasını təsdiqləyib. Ona görə də rus hərbçilərin Ermənistandan çıxması inandırıcı deyil".

 Analitik vurğulayıb ki, yaxın günlərdə Rusiya və Ermənistan liderləri arasında görüş olarsa, Kreml rəhbəri rus qoşunlarının Gümrüdən çıxmasına əsla imkan verməz: 
"Zvarnots Hava Limanı məsələsi başqadır. Hava limanından rus əsgərlərinin çıxması mümkün idi, ona görə ki, söhbət konkret obyektdən gedirdi. Ancaq Gümrü hərbi bazasının boşaldılması çətin məsələdir. Bir məqamı da nəzərə alaq ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyur. Ermənistan bu məsələdə də problemlər yaşayır. O baxımdan məhz indiki dönəmdə rusların Ermənistanı tərk etməsi real səslənmir".