Ermənistan XİN-i Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı şərh edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Bu, protokolun istəyə bağlı hissəsidir”, - məlumatda deyilir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turab Rzayev bildirib ki, Tokayevin bu addımı çox müsbət haldır:
“Qazaxıstan Prezidenti Türkiyə və Azərbaycanla birliyə, Turan ideyasına sadiqliyini nümayiş etdirdi. Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İttifaqı (Aİ) və Gömrük İttifaqının (Gİ) üzvü kimi Ermənistanla müəyyən diplomatik əməkdaşlıq etməlidir. Ermənistan ilə Rusiyanın münasibətləri pozulub və Paşinyan ilə Putin arasında birbaşa dialoqları zəifləyib. Ona görə də Tokayev Putinin şəxsi fikirlərini səfər çərçivəsində Paşinyana çatdıra bilər. Qazaxıstanla Ermənistan arasında münasibətlərin belə olması normaldır. Amma bu səfər bizim üçün arzuolunan deyil. Qazaxıstan Prezidenti açıq şəkildə bildirir ki, Ermənistanla münasibətləri heç zaman Azərbaycan və Türkiyəyə qarşı yönələ bilməz. İndiyə qədər digər dövlət rəhbərləri pratokola tabe olaraq Ermənistana səfərləri zamanı sözügedən abidəni ziyarət ediblər. Tokayevin isə bu addımdan imtina etməsi yeni başlanğıc yaratdı. Ümid edirəm ki, bundan sonra Ermənistana səfərləri zamanı digər ölkə başçıları da eyni addımı atarlar”.
Qeyd edək ki, əvvəllər “xatirə”ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.