Körpə kitabxanası: Həftənin hər günü açıqdır

Türkiyənin Qaziantep bölgəsində körpələr üçün kitabxana fəaliyyət göstərir. Adı kitabxana olsa da, təkcə bu məqsədə xidmət etmir, burada oyun zalı, sənət, nağıl aləmi, nitq inkişafı kimi şöbələr də var. Əhatəli bir yer olduğundan son zamanlar anaların körpələriylə birlikdə tez-tez ziyarət etdikləri məkana çevrilib. 
“Sherg.az” “aa.com.tr”yə istinadən xəbər verir ki, körpə kitabxanası Qaziantep bələdiyyəsi tərəfindən qurulub. Məqsəd uşaqların kiçik yaşlarından kitablarla tanış olması, oxu vərdişlərinə yiyələnmələri, nitqlərinin inkişafını təmin etməkdir. Kitabxanaya gəlmək istəyənlər onlayn qaydada müraciət edə bilirlər. Kitabxana həftənin hər günü açıqdır. Burada 5 min kitab toplanıb. Bura gələnlər fərqli məkanlarda övladlarıyla istədikləri kimi vaxt keçirirlər. Kitabxanada yaşlarına uyğun körpələrə yazı vərdişləri də öyrədilir. Bu, valideynlərin istəyinə bağlıdır. Validyen körpəsinin hansı şöbədə olmasını, harada əylənçəsini istəyirsə, ora yönləndirilir. Kitabxanada nitq pozuntusu olan uşaqlara da təlim keçilir. Bugünədək kitabxanını 10 min ailə ziyarət edib. Kitabxana 6 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulub. Valideynlər burada övladlarının ad gününü də qeyd edir. Körpələrsə həm əylənir, həm də müəyyən vərdişlər qazanırlar.  Hər ailənin övladını bütün lazımi vəsaitlər, müxtəlif oyuncaqlarla təmin etmək, ödənişli oyun zallarına aparmaq imkanı yoxdur. Bu kitabxanada isə uşaqlar nağıl qəhrəmanlarıyla qarşılaşır, mahnılara qulaq asır, oyunlarda iştirak edirlər.