Daha bir “Ukrayna” yaratmaq mümkün olmayacaq -TƏHLİL

Çünki bu qanunun qəbulundan sonra Gürcüstanda Qərbin agenturası maliyyə vəsaitləri ala bilməyəcəklər

“Dünənə kimi Gürcüstanı örnək dövlət kimi təqdim edən Qərb indi niyə hətta inqilab etmək hesabına olsa belə, bu qanunun qəbul olunmasını istəmir?..”


  Bir neçə aydır "Xarici agent qanunu" ətrafında qarşıdurmalar qonşu Gürcüstanı çalxalamaqdadır. Gürcüstan cəmiyyətinin bu məsələdə parçalanması və kəskin qütbləşməsi dərinləşməkdə davam etsə də, tərəflərin geri çəkilmək niyyəti görünmür. Bu layihə ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, aksiyalarda toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda da qəbul edilib və bu yaxınlarda layihə ilə bağlı   yekun səsvermənin keçirilməsi nəzərdə tutulur.
  Qeyd edək ki, “Xarici təsir haqqında” qanun layihəsinə əsasən, maliyyəsinin 20 faizdən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər. 
  Qanuna əməl etməməyə görə inzibati cərimə ilə yanaşı, 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.
Hakim “Gürcü arzusu” Partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri qanun layihəsinin qəbul olunmasında sona qədər qətiyyətlidir. 
  “Gürcü arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili qanunun qəbulunu onunla əsaslandırır ki, hazırda xarici maliyyədən Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-nin özlərini gücləndirməsi, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsi, yeni inqilabın planlaşdırılması üçün istifadə olunur.
  Ölkənin əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat” Partiyası və Qərb ölkələri isə "Xarici təsir haqqında" qanun layihəsinə qarşı çıxır, onu Gürcüstanda demokratiyaya zərbə adlandırır, vətəndaş cəmiyyətinin hakimiyyəti tənqid etməməsi üçün susdurmaq metodu sayır. Bu zaman istər müxaliflər, istərsə də Qərb mediası qərarın Rusiyanın təsiri ilə qəbul edildiyini iddia edirlər. 
  Gürcüstanda mütləq əksəriyyət QHT və digər təşkilatların Qərbdəki müxtəlif maliyyə institutlarından, fondlardan maliyyələşdiyi sirr deyil. İqtidar isə qərarı vətəndaş cəmiyyəti və QHT sektorunda xarici maliyyə mənbələrinin şəffaflaşdırılması hesab edir. Aydın məsələdir ki, qanun layihəsinin qəbul edilib-edilməməsi Gürcüstanın daxili işidir. Məsələnin qəribə olan tərəfi Qərb ölkələrinin "Xarici təsir haqqında" qanun layihəsinə kəskin reaksiyası və etirazıdır.
  ABŞ və Avropa İttifaqı müstəqil dövlətin demokratik yolla seçilmiş siyasi hakimiyyətinin qəbul etmək istədiyi qərarın ləğv edilməsinə çalışır və bunu gizlətmir. Hətta bunun üçün siyasi və diplomatik təzyiqlər, iqtisadi sanksiya xəbərdarlıqlarından da istifadə olunur. Sanki Qərb təşkilat və qurumlara nəzarətsiz maliyyə vəsaitləri göndərilməsinə nəzarət olunmasını istəmir. Halbuki Gürcüstan hökumətinin məqsədi yalnız ölkə xaricindən maliyyələşən QHT-nin maliyyə mənbələrinin şəffaflığını təmin etməkdir.
 
 “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı da “Sherg.az”a açıqlamasında deyib ki, Gürcüstanda siyasi vəziyyət tarıma çəkilib. Gürcüstan parlamentinin “Xarici təsir haqqında” qanunu qəbul etməsi ilə bağlı parlament müzakirələri insanların küçələrə tökülməsinə səbəb olub: 

“Bu hadisələrin Gürcüstanın Avropa İttifaqına namizədliyinin qəbulundan sonra baş verməsi də bir qədər təəccüb və bir qədər də maraq doğurur. Nəticədə Gürcüstanla Avropa İttifaqı arasında da gərginlik yaradıb. Hətta okeanın o tayından da Gürcüstan hakimiyyətindən sərt narazılıq notları eşidilir. Görəsən, nə baş verir?
Gürcüstanı məlum qanunu qəbul etməkdən yayındırmağa çalışan Avropa ölkələrinin bir çoxunda və ABŞ-də bu qanun hələ uzun illər əvvəl qəbul olunub. Qanunun mahiyyəti ondan ibarətdir ki, maliyyəsinin 20 faizdən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər. Yəni burada söhbət ölkənin suveren hüquqlarından və hətta təhlükəsizliyindən gedir. Bu da məntiqlə tamamilə qanunauyğundur. O zaman nə üçün Qərb Gürcüstanda müzakirəsi gedən bu qanunun qəbul edilməməsi üçün "dəridən-qabıqdan çıxır"? 
  Dünənə kimi Gürcüstanı başqalarına örnək sevimli dövlət kimi təqdim edən Qərb indi niyə hətta inqilab etmək hesabına olsa belə, bu qanunun qəbul olunmasını istəmir?..
  Gün kimi aydındır ki, həmin qanunun qəbulu Gürcüstanda xüsusi planları olan Qərb dövlətlərinin planlarına mane olacağından, onlar əl-ayağa düşüblər. Bu qanunun qəbulundan sonra Qərbin agenturası funksiyasını yerinə yetirən bəzi qüvvələr qara niyyətlər üçün nəzərdə tutulan maliyyə vəsaitlərini ala bilməyəcəklər. Deməli, burada daha bir “Ukrayna” yaratmaq mümkün olmayacaq, qonşu ölkələri qarışdıracaq, bu ölkələrlə Gürcüstan arasında problemlər yaradacaq bir meydan əldən çıxacaq və nəhayət, bütün Cənubi Qafqaz Qərbin təsir dairəsindən çıxacaq.  İnkişaf etməkdə olan ölkələrə demokratiya “ixrac edən” Qərbin dərdi əslində budur. O, heç kimə heç nəyi elə-belə, boş yerə verməyib və vermək niyyətində də deyil. Düşünürük ki, burada “Rusiya izi” axtaranlar yanılırlar. Türkiyənın Aİ qapıları arxasında yarım əsrə yaxın gözləməkdə davam etməsi bunun əyani sübutudur: ya Aİ, ya da suverenlik. Ya “demokratiya boyunduruğu”, ya da xaos”.