Fransa neokolonialist siyasətindən əl çəkməyib -POLİTOLOQ

Ermənilərə olan "dərin məhəbbətin" kökündə də eyni niyyət dayanır

Fransa Cənubi Qafqazda özünə yer eləmək üçün Ermənistan kartından istifadə edir


  “Cənab Prezident İlham Əliyev “Bakı Prosesi”ndəki  nitqində  bir sıra önəmli məqamlara toxunub, lazımi mesajlar verdi. Onlardan biri də  Fransanın müstəmləkəçilik siyasəti ilə bağlıdır. Müxtəlif coğrafiyaları iddia etmək  həvəsində olan Fransa nəzarətində olan bölgələrdə məcburi assimilyasiya həyata keçirir. Bölgənin yerli əhalisinin silinməsi cəhdləri çox böyük fəlakətlərə yol aça bilər”. 
  Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov  deyib. 
Politoloq Prezident İlham Əliyevin neokolonializm meyilləri ilə bağlı məsələyə tez-tez öz etirazını bildirdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla yüksək tribunalardan sadalayıb:
 “Qoşulmama Hərəkatının tərkibində fəaliyyət göstərən “Bakı Təşəbbüs” qrupu da “dəniz aşırı”  və müstəmləkə əraziləri ilə təmaslar  qurub tədbirlər keçirir. Bu tədbirlər müstəvisində də bölgədə törədilən insanlıq əleyhinə  cinayətlər ifşa edilir. Beynəlxalq tədbirlərdə Fransanın imperialist və riyakar siyasətinin ifşa olunması da eyni məqsədə xidmət edir.  Fransanın neokolonialist siyasəti artıq ifşa edilib. 30 il ərzində vasitəçi maskası altında gizlənən, əslində isə Cənubi Qafqazda sülhə bilavasitə mane olan Fransanın iç üzü artıq hamıya məlumdur. Lakin onun hədə-qorxu ritorikası və ermənilərə silah verməsi bizi öz haqq işimizdən döndərə bilməz və Azərbaycan bölgədə Fransanın varlığının mümkün olmadığını dünyaya və Fransanın özünə sübut edəcək”.

  İ.Hüseynov həmçinin qeyd edib ki, Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamafob kampaniyalar təşkil edir:
 “Cənubi Qafqazda özünə yer eləmək üçün Ermənistan kartından istifadə etməsi, əslində, Fransanın neokolonialist siyasətinin yeni təzahür formasıdır. Ermənilərə olan "dərin məhəbbətin" kökündə də eyni siyasət dayanır. Fransanın tarixinə nəzər salsaq görərik ki, bəşər tarixində bu dövlət qədər müstəmləkəçilik siyasəti yürüdən ikinci dövlət olmayıb. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib”.
  Politoloq hesab edir ki, hazırda 13 ərazini öz müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Eyni zamanda buna səsini çıxarmayan Avropa təsisatlarının “qoca qitə”də yerləşməyən ölkələrin daxili işlərinə müdaxiləsi cəhdləri hiddət doğurur. Həmçinin digər ölkələrin daxili işlərinə qarışmağı adətə çevirmiş Avropa Parlamenti və AŞPA-nın bununla bağlı susqunluğu diqqəti cəlb edir.