Riyakar siyasət: Qərb Ermənistanı cəzalandırmalıdır-ŞƏRH

Mayın 8-də Kremldə Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Görüş zamanı Putin 2015-ci ildən bəri Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət dövriyyəsinin 14 dəfə artdığını bildirib. O, həm də rəsmi Moskva və İrəvan arasındakı arasındakı ticarət dövriyyəsinin  7 milyard dolları keçdiyini deyib. 

Qeyd edək ki, bu rəsmi Moskva və İrəvan arasındakı ticarət dövriyyəsinin rekord göstəricisidir.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Ermənistan hazırda Rusiyanın əlini gücləndirməklə məşğuldur:
"Ermənistan ötən bir il ərzində nə təbii ehtiyatlar, nə də mineral resurslar kəşf edə bilib. Rəsmi İrəvan əsasən texnologiya, xidmət və istehsalat sahəsində uğurlar əldə edib. Bizə məlumdur ki, hazırda Qərb Rusiya-Ukranya müharibəsi səbəbindən Rusiyaya qarşı amansız mübarizə aparır. Başda ABŞ olmaqla bir çox dövlət Rusiyaya sanksiyalar, məhdudiyyətlər tətbiq edib. Lakin Ermənistanın Rusiyaya qarşı mövqeyi birmənalı deyil. Ermənistan hazırda həm Qərblə yaxınlaşmağa, həm də Rusiyanın hərbi-siyasi müttəfiqi olaraq Qərbin Rusiyaya yönəlik siyasətinə mane olmağa çalışır".

Analitik əlavə edib ki, Qərb Ermənistanın bu əməllərinə qarşı müəyyən fikirlər söyləsə də, Ermənistanı bu yoldan çəkindirəcək ciddi addımlar atmır:
"Bizə məlumdur ki, Qərbin Ermənistana təzyiq göstərməməsində həm erməni lobbisinin, həm də Qərbin ermənipərəst siyasətçilərinin təsiri var. Hesab edirəm ki, Ermənistanın bu riyakarcasına siyasətinin qarşını almağın tək yolu Ermənistanın cəzalandırılmasıdır".