Ararat Mirzoyan sələflərini fərari adlandırıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sələflərini digər dövlətin tapşırıqlarını yerinə yetirən fərari adlandırıb.
APA-nın “news.am”a istinadən məlumatına görə, bu barədə o, keçmiş xarici işlər nazirləri Ara Ayvazyan, Zoqrab Mnatsakanyan, Edvard Nalbandyan və Vardan Oskanyanın Almatı bəyannaməsinin Azərbaycanla sərhədlərin delimitasiyası üçün əsas olmadığı barədə bəyanatlarını şərh edərkən deyib.

“Bu keçmiş diplomatlar ölkəmiz üçün ən mürəkkəb vaxtda vəzifələrini tərk edən fərarilərdir. Bu səbəbdən də onların bəyanatlarını heç bir halda ciddi qəbul edə bilməyəcəyəm. Onlar Almatı bəyannaməsinə şübhə ilə yanaşırsa, deməli başqa bir dövlətin diktəsi ilə ölkəmizin suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü də şübhə altına alır”, - XİN başçısı vurğulayıb.