Gürcüstanda iğtişaşlar: İvanaşvili geri addım atmağı düşünmür -ŞƏRH

Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirərək təsdiqləyib. Tiflisdə qanun layihəsinin qəbulunun əleyhinə genişmiqyaslı mitinq keçirilib. Etirazlarda 50 minə yaxın insanın iştirak etdiyi bildirilir. 

Aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Yürüş səbəbilə şəhərin mərkəzi hissəsi də daxil olmaqla bir sıra küçə və prospektlərdə, Kür çayının sağ və sol sahilində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ictimai nəqliyyatın işində ciddi fasilələr yaranıb.

Avropa meydanına toplanan aksiyaçılar “Rusiya qanununlarını istəmirik, Avropaya doğur”, “Güc birlikdədir, Güc Avropadadır” kimi müxtəlif şüarlar yazılmış plakatlar tutublar.

“Biz hökumətin Gürcüstanın azad xalqının səsini eşitməsini tələb edirik. Gürcüstan xalqı Avropaya inteqrasiyanı dəstəkləyir və buna maneə olanlarla mübarizəmizi sonadək davam etdirəcəyik. Demokratik ölkədə yaşayırıq və buna tam haqqımız var”, - deyə etirazçılardan biri olan Nino adlı şəxs deyib. 


Polis parlament binasının kənarlarında yerləşən qapıları möhkəmləndirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları xarici agentlər haqqında qanun layihəsinə qarşı Tbilisidə keçirilən mitinq iştirakçılarını parlament binasından uzaqlaşdırmağa başlayıblar. Nümayişçilər polisin əmrinə tabe olmaqdan imtina edirlər. Zaman-zaman polislə qarşıdurma yaşanır.

Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstan hakimiyyəti bu qanun layihəsini həyata keçirməkdə qərarlıdır:
"Hazırda Gürcüstanda hakimiyyətə qarşı qüvvələrinin maliyyə mənbələri Qərbdən gələn qrant və donorlardır. Bu səbəbdən mövcud hökumət yeni qanun layihəsinin tətbiq olunmasında qərarlıdır. Keçən il eyni qanun layihəsinin qəbulu təxirə salınsa da, indi İvanaşvili geri addım atmağın düşünmür. Gürcüstan hakimiyyəti hazırda Rusiya və Çinə meyilli siyasət yeridir. Əlbəttə ki, bu ABŞ və AB-ni narahat edir. Bu səbəbdən Qərb “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı keçirilən mitinqlərin təşkilatçılarını dəstəkləyəcək".

Analitik əlavə edib ki, Gürcüstanda hökumətin hüquq mühafizə orqanlarına etirazçılara qarşı güc tətbiq etmə səlahiyyətinin verildiyi haqqında məlumatlar var:
"İvanaşvili bu məsələdə son dərəcə qərarlı olduğunun siqnalını bir neçə dəfə verib".